“İnter”, “Bakı” və “Xəzər-Lənkəran”dan rəsmi cavab gözləyirik”
15.04.2009 - 18:29
“İnter”, “Bakı” və “Xəzər-Lənkəran”dan rəsmi cavab gözləyirik”
Ağdamın “Qarabağ” klubu “İnter”, “Bakı” və “Xəzər-Lənkəran”dan rəsmi cavab gözləyir. Bu haqda apasport.az saytına məlumat verən “Qarabağ”ın direktoru Əmrah Çəlikəlin sözlərinə görə, adıçəkilən komandalarla cari mövsümdə ev oyunlarını Ağdamda keçirmək istəyirlər.

“Qarabağ”ın aprelin 18-də MOİK-lə görüşü də ev oyunu olsa da, bu matç Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək. Çəlikəlin sözlərinə görə, həmin oyuna az qaldığından təşkilati işləri çatdırmaq qeyri-mümkündür: “Mayın 3-də “İnter”, 9-da “Xəzər-Lənkəran”la Premyer Liqa, 6-da “Bakı” ilə kubok matçımız var. Bu ev oyunlarını Ağdamda keçirmək istəyirik. Orada yaşayanlar belə bir güclü komandalarla görüşümüzü Ağdamda izləmək istəyirlər. Peşəkar Futbol Liqası ilə yanaşı, həmin üç kluba rəsmən müraciət etmişik. Orada göstərmişik ki, aprelin 17-ə qədər bizə cavab versinlər. Çünki bundan sonra təşkilati işlərlə məşğul olmalıyıq. Peşəkar Futbol Liqası da klubların razılığından sonra Ağdama öz nümayəndələrini, mütəxəssislərini göndərib, vəziyyətlə yerində tanış olacaq. Mətbuatdan qonağımız olacaq komandaların Ağdamda oynamağa razı olmaları ilə bağlı fikirləri ilə tanış olmuşam”.

Cari mövsümdə “Qarabağ”la səfərdə görüşəcək komandaları ilk növbədə maraqlandıran Quzanlıda yerləşən Olimpiya İdman Kompleksinin stadionunda qazonun vəziyyətidir. Orada baş məşqçi Qurban Qurbanovla birgə olmuş Çəlikəl bu baxımdan narahatçılığa əsas görmür: “Ağdamdakı arenada meydançanın vəziyyəti Suraxanıda, habelə Tofiq Bəhramov adına Respublika stadionunda olduğu kimi yaxşıdır. Təhlükəsizlik baxımdan heç bir problem yoxdur. Hətta rəqiblərimizi oyun öncəsi Ağdam Olimpiya İdman Kompleksində yerləşdirib, özümüz qonşu Bərdə, yaxud başqa yerdə hazırlaşa bilərik”.

Qeyd edək ki, “Qarabağ”ın ev oyunlarını Ağdamda keçirməklə bağlı rayon İcra Hakimiyyətinin başçısı Həsən Sarıyev AFFA prezidenti Rövnəq Abdullayevə rəsmi məktub ünvanlayıb. Bu təklifi müsbət qarşılayan assosiasiyanın baş katibi Elxan Məmmədov stadionun Peşəkar Futbol Liqasının tələblərinə uyğun gəlməsinin vacibliyini bildirib.
0