“Bakı” “Herta” klubu ilə bağlayacaq müqaviləni müzakirə etdi - FOTO
15.04.2009 - 18:38
“Bakı” “Herta” klubu ilə bağlayacaq müqaviləni müzakirə etdi - FOTO
“Bakı” klubunun Almaniyanın “Herta” komandasıyla əməkdaşlığı reallaşır. Apasport.az saytının məlumatına görə, paytaxtın eyniadlı klubunun türkiyəli vitse-prezidenti Tunc Afşar bu ölkəyə səfəri çərçivəsində Berlin təmsilçisi ilə əməkdaşlıq mövzusunu müzakirə edib. Afşarın “Herta”nın futbol şöbəsinin müdiri Mixael Pritz və klubun baş skautu Rudi Voytoviçlə görüşündə arasında iki klub arasında əldə olunacaq anlaşmanın detallarını gözdən keçiriblər.

Ardından “Herta”nın bazası ilə tanış olan Tunç Afşara klub adından hədiyyələr təqdim olunub. Afşar “Bakı”nın rəsmi saytına açıqlamasında bildirib ki, Belçikanın “Anderlext” klubu ilə imzaladıqları müqavilənin oxşarını “Herta” ilə reallaşdıracaqlar: “Müqaviləyə böyük maraq göstərən Rudi Voytoviçə təşəkkürlərimi bildirirəm. Cənab Voytoviç Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının almaniyalı baş məşqçisi Bernard Lippertlə tanış olduğunu, davamlı olaraq ondan məlumatlar aldığını bildirdi. Fürsətdən istifadə edərək, “Herta”nın nümayəndələrini Bakıya dəvət etdim. Almaniyada aparılan işlərin Azərbaycan uşaq futbolu üçün çox faydalı olacağını düşünürük”.

“Bakı” futbol klubu Avropada oynayan azərbaycanlı futbolçularla bağlı fəaliyyətini də davam etdirir. Afşar Almaniyada yaşayan futbolçularımızla görüşüb. Tədbir “Bakı”nın Berlin əyaləti üzrə təmsilçisi Yılmaz Arslan tərəfindən təşkil edilib: “Əvvəlcə bu şəxsə Azərbaycan futbolu və klubumuz üçün gördüyü gözəl işlərə görə çox təşəkkür edirəm. Burada gördüklərimi həm klubumuzun, həm də AFFA-nın rəhbərliyi ilə paylaşacağam. Planımızın növbəti mərhələsi Berlində oynayan azərbaycanlı futbolçulardan ibarət komanda yaradaraq, onun Almaniya liqalarından birində iştirakını təmin etməkdir. Bunun sayəsində həm Azərbaycanlı futbolçuların yetişməsinə və eyni zamanda ölkəmizin adının Avropada tanınmasına xidmət edəcəyik. Bu məsələdə başda AFFA olmaqla bütün müvafiq qurumların dəstəyinə ümid edirik”.
0