Mikael Laudrup “Spartak”ın baş məşqçisi postundan qovuldu
16.04.2009 - 09:36
Mikael Laudrup “Spartak”ın baş məşqçisi postundan qovuldu
Moskvanın “Spartak” klubunun baş məşqçisi Mikael Laudrup istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, bu, komandanın Rusiya kuboku uğrunda ¼ final mərhələsində Moskva “Dinamo”suna böyük hesablı məğlubiyyətdən (0:3) sonra baş verib. Rusiyada heç bir il işləməyən Laudrupun vəzifəsindən azad edilməsi təşəbbüsü ilə klubun baş direktoru, ötənlərin məşhur futbolçusu Valeri Karpin çıxış edib. Bundan sonra dünən gecə saatlarında bir araya gələn “Spartak”ın Direktorlar Şurası Karpinin təşəbbüsünü dəstəkləyib və 45 yaşlı danimarkalı mütəxəssisi komandanın qeyri-qənaətbəxş nəticələrinə görə qovub. Laudrup Karpinlə oyundan sonra söhbət etsə də, haqqında belə qərar çıxarılmasını sonradan, evə çatanda öyrənib. Onunla müqavilə yaxın günlərdə pozulacaq.

Laudrupla yanaşı, onun köməkçisi olmuş həmyerlisi Erik Larsen də vəzifəsindən çıxarılıb. Bu gün “Spartak” bir araya gələndən sonra Karpin komanda üzvlərinə baş verən dəyişiklər haqda məlumat verəcək. Qarşıdakı bir neçə gündə məşq prosesinə Karpinin özü rəhbərlik edəcək. “Spartak”ın vakant qalan baş məşqçi postuna əsas namizədlərdən biri Valeri Qazzayev sayılır.
0