Çempionlar Liqasında 5-ci dəfə təkrarlanan tarix – ARAŞDIRMA
16.04.2009 - 11:16
Çempionlar Liqasında 5-ci dəfə təkrarlanan tarix – ARAŞDIRMA
UEFA Çempionlar Liqasında (ÇL) yarımfinalçılarla bağlı tarix növbəti dəfə təkrarlanır. Apasport.az saytının hesablamalarına görə, bu nüfuzlu turnirin tarixində ardıcıl 3-cü mövsümdür ki, həlledici matça iddialı komandalardan üçü eyni ölkəni, özü də İngiltərəni təmsil edir.

Məlum olduğu kimi, cari mövsümün yarımfinalında “Mançester Yunayted” (İngiltərə) – “Arsenal” (İngiltərə) və “Barselona” (İspaniya) – “Çelsi” (İngiltərə) oyunları keçiriləcək. 2006/07 və 2007/08 mövsümlərində isə İngiltərəni yarımfinalda “Mançester Yunayted”, “Çelsi” və “Liverpul” təmsil edib.

Göründüyü kimi, ilk iki komanda ardıcıl 3-cü mövsümdür 1/2 finala yüksəlir, “Liverpul”u isə bu dəfə “Arsenal” əvəzləyib. Ümumiyyətlə, ÇL tarixində yarımfinalda eyni ölkənin üç təmsilçisi 5 dəfə olub. İlk iki halda bu, İspaniya və İtaliya klublarının adı ilə bağlıdır. 1999/2000 mövsümündə İspaniyanın “Real”, “Barselona”, “Valensiya”, 2002/03 mövsümündə İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları yarımfinalda oynayıb. Bu mərhələyə üç eyni ölkənin komandası çıxanda isə qalib əksər vaxtlardan həmin ölkənin təmsilçisi olub.

Belə ki, 2000-ci ildə “Real”, 2003-cü ildə “Milan”, 2008-ci ildə “Mançester Yunayted” ÇL-nin qalibi adını qazanıb. Özü də həmin illərdə final oyununun iştirakçıları eyni ölkənin təmsilçiləri olub. Yeganə istisna 2007-ci illə bağlıdır ki, həmin vaxt “Milan” üç ingilis komandasının əhatəsində qalmasına baxmayaraq, turnirdə birincilik qazandı.

Qeyd edək ki, ÇL 1992-ci ildən bu adı daşıyır və həmin vaxta qədər turnir Çempionlar Kuboku adlanırdı. Bu araşdırma yazımız da məhz ÇL-nin tarixi ilə bağlıdır. 1992 və 1993-cü illərdə reqlamentə görə yarımfinal oyunları keçirilməmiş və qrup qalibləri birbaşa finalda görüşüblər. 1994-cü ildən bu yana isə finala gedən yol yarımfinaldan keçir. Hazırkı 1/2 final iştirakçılarından “Mançester Yunayted”lə “Barselona” ÇL-nin qalibi olub. Özü də həm “qırmızı şeytanlar” (1999 və 2008-ci illər), həm də Kataloniya təmsilçisi (1992 və 2006-cı illər) birincilik qazanıb. “Barselona” ÇL-nin ilk qalibi kimi tarixə düşüb.

İndiki yarımfinalçılardan ən çox bu mərhələyə çatan da elə “Mançester Yunayted”dir. Aleks Ferqyussonun komandası indiyədək 5 dəfə (1992, 1997, 2002, 2007 və 2008) 1/2 finalda mübarizə aparıb. “Çelsi” 4 (2004, 2005, 2007, 2008), “Barselona” 3 (1992, 2000, 2002), “Arsenal” 1 dəfə (2006) belə imkan qazanıb. Püşkə görə, bu dəfə də finalda eyni, yəni İngiltərə təmsilçilərinin görüşəcəyi real görünür. Elə ötən mövsüm olduğu kimi, həlledici matçda “Mançester Yunayted”lə “Çelsi, yaxud 2006-cı ildə olduğu kimi “Arsenal”la “Barselona” görüşə bilər.
0