Yığmamızın sabiq futbolçusu Ağayevin yanına getdi
16.04.2009 - 11:32
Yığmamızın sabiq futbolçusu Ağayevin yanına getdi
Azərbaycan milli komandasının sabiq futbolçusu Timur İsrafilov karyerasını Rusiyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 17 və 19 yaşlılardan ibarət yığmamızda oynamış 21 yaşlı müdafiəçi ikinci divizionda çıxış edən “Volqa” klubuna keçib. Tver təmsilçisi ilə müqavilə bağlayan Timur bundan sonra Azərbaycan yığmasında ən çox oyun keçirən futbolçulardan biri olan Emin Ağayevlə komanda yoldaşı olacaq. Belə ki, “Volqa”nın vitse-kapitanı olan 36 yaşlı müdafiəçi ikinci mövsümdür tverlilərin şərəfini qoruyur.

Ölkəmizdə “Şahdağ” və “Qarabağ”ın şərəfini qorumuş İsrafilov əslən dağıstanlı olsa da, Qusar təmsilçisində oynadığı vaxt milliləşərək yığmamıza çağırılıb. İyunun 25-də 21 yaşını qeyd edəcək futbolçu təxminən iki ay əvvəl “Qarabağ”la yollarını ayıraraq, Rusiyaya yollanıb. Ölkəmizdə onun futbolçu karyerasını bitirdiyini haqda məlumatlar yayılsa da, Timur Rusiyanın ikinci dəstəsində oynayacaq.

Qeyd edək ki, “Volqa” cari mövsüm ilk rəsmi oyununu Rusiya çempionatının birinci turu çərçivəsində aprelin 18-də “Zelenoqrad”a qarşı keçirəcək.
0