Aqil Məmmədov: Belə oynamaqdansa, futbolla vidalaşmaq yaxşıdır
16.04.2009 - 12:10
Aqil Məmmədov: Belə oynamaqdansa, futbolla vidalaşmaq yaxşıdır
“Komandanın hazırkı acınacaqlı vəziyyəti nə pul, nə də qara zolaqla bağlıdır. Bu uğursuzluğun əsl səbəbindən mən də baş açmıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında Yevlaxın “Karvan” klubunun vitse-kapitanı Aqil Məmmədov deyib.

Azərbaycan Premyer Liqasının XXI turunda “Turan”la səfər oyunu (0:4) öncəsi “Karvan”ın sıralarını tərk edən 37 yaşlı yarımmüdafiəçi yenə komandadan ayrı düşüb. Ancaq Aqil bu dəfə Sumqayıta başqa səbəbdən qayıtdığı bildirib: “Turan”la görüşdən sonra zədəliyəm. Heç yeriyə də bilmirəm. Oyunda zədəni hiss etmədim. Ancaq sonradan ağrılar gücləndi və məlum oldu ki, qasıq nahiyəsində problemim var. Bu da elə bir zədədir ki, müalicəsinə heç olmasa, iki həftə vaxt lazımdır. Yəqin ki, sağalandan sonra komandanın hazırlığına qatılaram. “Turan”la oyun öncəsi şəxsi işlərimlə bağlı Yevlaxı tərk etdim. Sonradan eşitdim ki, pul verilir, qayıtdım geri və Tovuzdakı oyunda meydana çıxdım. Nəticədə belə ağır hesabla uduzduq. Bu, bir biabırçılıq idi”.

Məmmədov ikinci dövrədə qələbə üzünə həsrət qalan komandanın belə vəziyyətə düşməsində maliyyə problemlərini və uğursuzluq zolağı kimi amilləri kənara qoyur: “Belə çıxır ki, futbolçular oynamaq istəmir. Hər dəfə öz aramızda danışırıq ki, oynamaq, udmaq lazımdır. Ancaq meydana çıxanda oyunumuz alınmır və uduzuruq. Yəqin ki, indi futbolçular mövsümü başa vurmaq haqda düşünürlər”.

Daim iddialı komanda olan “Karvan”ın uğursuzluğu baş məşqçi Yunis Hüseynovu lap təngə gətirib. Hətta heyətlə bağlı radikal islahatlar etmək fikrinə düşən 44 yaşlı mütəxəssis yalnız gənclərə güvənməyi daha məqsədəuyğun sayır. Hüseynovun fikrincə, komandadakı təcrübəli oyunçular daha çıxış etməsələr, futbolla qurtarsaydılar, daha yaxşı olardı. Bu mənada “Karvan”ın ən yaşlı futbolçusu olan Aqilin məsələyə münasibəti maraqlı olardı: “Ola bilsin ki, baş məşqçimiz əsəbiləşərək, belə sözlər deyib. Əslində, belə oynamaqdansa, futbolla vidalaşmaq yaxşıdır. Mən də bu haqda fikirləşirəm. Hər halda, karyeramızı nə vaxtsa qurtarmalıyıq. Cari mövsümün karyeramda sonuncu olacağı mümkündür. Bundan sonra nə işlə məşğul olacağımı isə zaman göstərəcək”.
0