“Qarabağ” Rusiya Peşəkar Futbol Liqasına rəsmi müraciət etməyə hazırlaşır
16.04.2009 - 12:53
“Qarabağ” Rusiya Peşəkar Futbol Liqasına rəsmi müraciət etməyə hazırlaşır
“Timur İsrafilov müqavilə ilə bizim futbolçudur. Onun komandamızla anlaşması bu ilin sonunda başa çatacaq. Belə olan halda, başqa klubla müqavilə imzalaması qanunsuzdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Azərbaycanın 17 və 19 yaşlılardan ibarət yığmasında çıxış etmiş Timur İsrafilovun son klubu Ağdam təmsilçisi olub. 21 yaşlı müdafiəçinin Rusiya çempionatının ikinci divizionunda mübarizə aparan Tver “Volqa”sı ilə müqavilə bağlamasından artıq xəbərdar olan Çəlikəl bu addımı ilk növbədə hüquqi baxımdan düzgün saymır: “Dünyanın heç bir yerində belə şey yoxdur ki, bir klubla anlaşması olan futbolçu başqası ilə müqaviləyə qol qoysun. Timurun həm futbolçu kimi yetişməyində zəhmətimiz olub, həm də müalicəsi üçün çoxlu xərc çəkmişik. İki il öncə Türkiyədə cərrahiyyə əməliyyatına yolladıq. İki ay əvvəl isə vətəninə, Rusiyaya müalicəyə getməsinə şərait yaratdıq. Klubumuz 3 ildir İsrafilovun püxtələşməsində öz köməyini əsirgəmir. Bunun qarşılığında belə addımı düzgün hesab etmirik”.

Çəlikəlin sözlərinə görə, həm “Volqa”, həm də Rusiyanın Peşəkar Futbol Liqasına rəsmi müraciət etməyə hazırlaşırlar: “Hər iki yerə rəsmi müraciət göndərəcəyik. Onların Timurun “Qarabağ”la müqaviləsindən xəbərdar olub-olmadığını bilmirik. İlk növbədə bunu araşdırmaq lazımdır. Yəqin ki, həmin klub futbolçunun bizimlə anlaşmasının olması haqda məlumatlı deyil. Timurla müqaviləmizin bir nüsxəsini Rusiyaya göndərəndən sonra məsələ aydınlaşacaq. Artıq bu zaman futbolçuya görə kompensasiya istəyəcəyik. Onun konkret məbləği isə iki klub arasında danışıqların nəticəsində müəyyənləşəcək”.

Qeyd edək ki, əslən Dağıstandan olan Timur milliləşərək, yığmamıza cəlb olunub. “Volqa”nın çıxış etdiyi Rusiya çempionatının ikinci divizionunda yeni mövsüm bu həftəsonu başlayacaq. Tverlilər ilk görüşünü aprelin 18-də Moskvada “Zelenoqrad” klubu ilə keçirəcək.
0