Elmar Baxşıyev: Biz özümüz üçün oynayırıq
16.04.2009 - 16:53
Elmar Baxşıyev: Biz özümüz üçün oynayırıq
“Keçmiş komandalarımla görüşlər mənim üçün xüsusi prinsipiallıq kəsb etmir. İstər “Xəzər-Lənkəran” olsun, istərsə də “İnter”lə matç. Bu klublarla oyuna həmişəki qaydada hazırlaşıram”. Bunu apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Elmar Baxşıyev deyib.

Milli komandamızın da şərəfini qoruyan 29 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında son bir həftədə həm “Xəzər-Lənkəran”, həm də “İnter”lə üz-üzə qalır. O, keçmiş komandaları ilə oyunda aldığı sarı vərəqələri özünü sübut etmək istəyi ilə əlaqələndirmir: “Bu heç də oyun epizodu ilə bağlı olmur. Sadəcə, “Xəzər-Lənkəran”la qarşılaşmada hakimin qərarı ilə razılaşmadığım üçün sarı vərəqə aldım. Görüşdən əvvəl komanda yoldaşlarıma demişdim ki, heç bir aqressivlik, stress yoxdur. Bu mənada narahatçılığa əsas görmürəm. Sadəcə, qələbə qazanmaq istəyimiz böyükdür. “Neftçi” “Xəzər-Lənkəran”la oyuna liderlər qrupunda yer alan komanda kimi çıxsaydı da, həmin qələbə əzmi görünəcəkdi. Cari mövsümdə yerimizi itirdik, azarkeşlərin bizə olan inamını qaytarmaq istəyirik. Qalan görüşlərə də yaxşı oynayıb, uğurlu nəticə ilə tərəfdarlarımızı sevindirməyə çalışacağıq”.

Aprelin 19-da “Şəfa” stadionunda 10 il şərəfini qoruduğu “İnter”lə görüşəcək Baxşıyev Premyer Liqanın lideri ilə görüşdə də qələbə qazanmağa iddialı olduqlarını söyləyib: “Rəqib çox sabit komandadır. Ancaq hər halda, biz liderlə görüşə də nəticə qazanmaq üçün çıxacağıq. Məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək istəyirik. Böyükağa Ağayev komandamızda baş məşqçi olandan sonra uduzmuruq. “Xəzər Universiteti”ndə bu mütəxəssisin rəhbərliyi altında oynamışam. Ancaq inanın ki, tək mənə yox, bütün futbolçular üçün Ağayevlə çalışmaq rahatdır. Gedenin vaxtında olduğu kimi, gərginlik yoxdur. “Neftçi” yenə Azərbaycan futbolunun lideridir, flaqmanıdır. Biz ilk növbədə özümüz, adımız üçün oynayırıq”.

Qeyd edək ki, Elmar “Xəzər-Lənkəran”la yanaşı, “İnter”in də kapitanı olub.
0