“İnter” 1571 gündür “Neftçi”yə qol vura bilmir
17.04.2009 - 11:05
“İnter” 1571 gündür “Neftçi”yə qol vura bilmir
Azərbaycan çempionatının lideri “İnter”i Premyer Liqanın XXII turunda çətin sınaq gözləyir. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu öz meydanında keçirəcəyi oyunda “Neftçi” sindromunu qırmağa çalışacaq.

Belə ki, ukraynalı baş məşqçi Valentin Xodukinin yetirmələri 5 ildir flaqmanla evdə keçirdikləri çempionat görüşlərində nəinki qalib gəlmir, heç qol da vura bilmirlər. “İnter” sonuncu dəfə 2004/05 mövsümünün ilk dövrəsində “Neftçi”nin qapısına yol tapıb. Həmin görüş komandanın bu ad altında flaqmana qarşı ilk oyunu idi. “Bankirlər”in 2:1 hesablı qələbəsi rəqibin baş məşqçisi Kazbek Tuayevin istefası ilə nəticələnmişdi. Bu qarşılaşmada “İnter”in ikinci, sonuncu qoluna 61-ci dəqiqədə Elşən Məmmədov imza atmışdı.

O vaxtdan bəri 1571 gün keçib. Bu müddət ərzində “İnter” doğma meydanda keçirdiyi çempionat oyunlarında “Neftçi”yə qol vura bilmir. Ümumiyyətlə, Xodukinin rəhbərlik etdiyi kollektiv öz meydanındakı 4 matçdan yalnız 2-də flaqmandan xal qopara bilib. Bunların birində Kazbek Tuayev, digərində isə Qurban Qurbanov istefaya göndərilib.

“İnter”in öz meydanında “Neftçi”yə qarşı keçirdiyi çempionat oyunları

tarix

hesab

31.10.2004

2:1

21.04.2006

0:1

22.02.2007

0:1

02.09.2008

0:0

19.04.2009

 

0