“Fənərbaxça”nın stadionunda qumarxana: 9 qadın, 23 kişi həbs olundu
17.04.2009 - 15:52
“Fənərbaxça”nın stadionunda qumarxana: 9 qadın, 23 kişi həbs olundu
İstanbulun “Şükrü Saracoğlu” stadionunun altında fəaliyyət göstərən Birləşmiş Fənərbaxçalılar Vəqfinə aid ofisdə qumarxana aşkarlanıb. Apasport.az saytının məlumatına görə, qumarxana hüquq-mühafizə orqanlarının dünən həyata keçirdikləri əməliyyat nəticəsində üzə çıxıb.
Polis vəqfdə “Black jack” oynamaq üçün 6 masa və qumara qoyulan müəyyən məbləğdə pul müsadirə edib. Eyni zamanda, 9 qadın və 23 kişi həbs olunaraq, şöbəyə aparılıblar.

Hadisədən xəbər tutan Birləşmiş Fənərbaxçalılar Vəqfinin prezidenti Əziz Yılmaz buna sərt reaksiya göstərib: “Bura qumarxana yox, “Fənərbaxça” İdman Klubudur. Bu ölkəyə aman vermirlər. Qumarı hər yerdə oynayırlar. Amma nəyə görə bura basqın edildiyini anlamıram. Bizim vəqfimiz ictimai qurumdur və burada sadəcə, həvəs üçün futbol adamları, jurnalistlər, hakimlər kart oynayırlar”.

Vəqfdə həbs olunan 32 nəfər şöbədə bir qədər saxlanıldıqdan sonra, onların hərəsi 140 türk lirəsi (təxminən 70 manat) cərimələnib və sərbəst buraxılıblar.
0