Zaur Ramazanovdan keçmiş komandalarına “hədiyyə”
20.04.2009 - 13:06
Zaur Ramazanovdan keçmiş komandalarına “hədiyyə”
Ağdamın “Qarabağ” klubunun hücumçusu Zaur Ramazanov keçmiş komandalarını bağışlamır. Apasport.az saytının hesablamalarına görə, 33 yaşlı futbolçu vaxtilə çıxış etdiyi klubların hamısına cari mövsümdə qol vurub.

Bunlar “Bakılı”, “Xəzər-Lənkəran”, “Karvan” və MOİK-dir. Zaur “Qarabağ”ı da nəzərə alsaq, futbolçu karyerası dövründə həmin komandalarda forma geyinib. Hücumçu cari mövsümdən şərəfini qoruduğu Ağdam təmsilçisində qol hesabını “Bakılı” ilə kubok matçında açıb. Bu, ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində ilk oyunda olub və Ramazanov həmin görüşdə etdiyi “dubl”la böyük hesablı qələbədə (3:0) əsas rol oynayıb. “Qarabağ”ın heyətində isə Premyer Liqada ilk qolunu “Xəzər-Lənkəran”la səfər matçında vurub – 3:1.

Zaur ilk dövrənin son turunda “Karvan”la görüşün (3:2) son dəqiqələrində vurduğu qolla komandasına qələbə qazandırıb. Bəstəboy hücumçu “Karvan”la yanaşı, MOİK-in qapısına da başla yol taparaq, hər iki görüşdə son nöqtəni qoyub.

MOİK Ramazanovun futbolda ilk peşəkar klubu olub. Onun bir futbolçu kimi “Bakılı”da tanındığını desək, yanılmarıq. Zaur “Karvan”ın heyətində keçirdiyi bir mövsümdə (2004/05) həm vurduğu 21 qolla çempionatın bombardiri oldu, həm də karyerasında ilk medalı (bürünc) qazandı. Sonradan üç mövsüm “Xəzər-Lənkəran”da keçirən Ramazanov əsas uğurlarını orada əldə edib. Belə ki, karyerasında hələ ki yeganə çempionluğunu Lənkəran təmsilçisinin heyətində qazanan hücumçu 2006/07 mövsümündə həm “qızıl dubl” edib, həm də çempionatın bombardirlər yarışının qalibi olub (20 qol). “Xəzər-Lənkəran”ın avrokuboklarda ilk qolunun müəllifi olan Zaur eyni zamanda bu komandanın qitə miqyaslı turnirdə ən sərrast futbolçusudur (3 qol).

Ramazanov cari mövsümdə digər iki qolu Premyer Liqada “Olimpik”, ölkə kubokunda “Neftçi” ilə ilk oyunlara təsadüf edir. Hücumçu 1:0 hesabı ilə başa çatan hər iki görüşdə yeganə qolun müəllifi olub. “Qarabağ” kubokda “Neftçi” səddini məhz Zaurun vurduğu qol sayəsində keçdi. O, hazırkı klubunun heyətində həm Premyer Liqada, həm də ölkə kubokunda 3 dəfə fərqlənib. Ramazanov bu 6 qoldan 4-ə “Qarabağ”ın ev oyunlarını keçirdiyi Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda imza atıb.
0