Hacıyevski: “Qarabağ” ın finala çıxmaq şansı bizdən çoxdur
05.05.2009 - 16:09
Hacıyevski: “Qarabağ” ın finala çıxmaq şansı bizdən çoxdur
“Qarabağ”la görüş öncəsi komandamızda vəziyyət yaxşıdır. Hər şey qaydasındadır və Ağdama finala vəsiqə dalınca yollanırıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Azərbaycan kubokunun yarımfinal mərhələsində Ağdamın “Qarabağ” klubu ilə görüşən bakılılar evdə keçirdikləri ilk oyunda 1:2 hesabı ilə uduzmaqla, işlərini çətinə salıblar. İndi Hacıyevskinin komandası finala çıxmaq üçün Ağdamda iki top fərqi ilə qələbə qazanmalıdır. Elə makedoniyalı mütəxəssis də “Qarabağ”ın finala çıxmaq şansının daha çox olduğunu anlayır: “Finala çıxmaq üçün gözəl şans əldə etmişdik. Ancaq əfsuslar olsun ki, öz meydanımızda keçirilən oyunda uduzduq. Bundan sonra “Qarabağ”ın şansı artdı. İndi onlar finala daha yaxındırlar və cavab görüşünə üstün durumda çıxacaqlar. “Qarabağ” cavab oyununu doğma Ağdamda, güclü azarkeş dəstəyi altında keçirəcək. Bir addım öndə olan rəqibin finala çıxmaq şansı bizdən bir az çoxdur”.

“İnter”in Ağdamda xal itkisindən (1:1) sonra liderliyi qaytaran “Bakı” indi daha çox çempionluğu düşünür. Son iki turda səfərdə “Turan”la, evdə “Muğan”la görüşən paytaxt təmsilçisi bu iki oyunda qələbə qazanmaqla, tarixində ikinci dəfə qızıl medallara qovuşacaq. Hacıyevski çempionatla yanaşı, ölkə kubokuna da diqqət yetirdiklərini söyləyib: “İstənilən halda, biz təslim olmamışıq və olmayacağıq da. Finala çıxmayacağımızla barışmamışıq. Səfərə 21 futbolçu ilə çıxmışıq. Bu, “Qarabağ”, həm də “Turan”la oyunlar üçün nəzərdə tutulub. Ağdama əvəzedici heyətdən futbolçu aparmamışıq. Geniş heyətimiz var və seçim edə bilərik. Eksperiment etməyəcəyik. Sadəcə, indiyə kimi ölkə kubokunda oynamış futbolçuların xidmətindən yararlana bilərik. Tovuzdakı oyun çempionluq uğrunda mübarizədə bizim üçün böyük əhəmiyyət kəsb edən görüş olacaq. Risk etməməliyik. “Turan”a qalib gəlsək, çempionluğa lap yaxınlaşacağıq. Hər şeyə son turda aydınlıq gələcək. Hələliksə finala çıxmaq haqda düşünürük. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Bakı” “Qarabağ”ı keçərsə, Hacıyevski ilk dəfə Azərbaycan kubokunun finalına çıxacaq.
0