Vladislav Qədirov: Məni komandaya müvəqqəti baş məşqçi təyin ediblər
06.05.2009 - 11:27
Vladislav Qədirov: Məni komandaya müvəqqəti baş məşqçi təyin ediblər
“Məni komandaya müvəqqəti baş məşqçi təyin ediblər. Cari mövsümün qalan iki oyununda kluba kömək etmək lazımdır. Bundan sonra baş məşqçinin kim olacağına rəhbərlik qərar verəcək”. Bu fikirləri apasport.az saytına açıqlamasında Salyanın “Muğan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Komandanın debüt mövsümünü keçirdiyi Premyer Liqada ilk çalışdırıcısı kimi tarixə düşən Qədirov ikinci dövrənin əvvəlində, XV turda səfərdə “Simurq”a məğlubiyyətdən (0:2) sonra istefa verdi. Həmin zaman klubda məsləhətçi kimi çalışan Nadir Qasımov baş məşqçi postuna gətirilsə də, sona iki tur qalmış qovuldu. Qədirov bundan sonra təcrübəli həmkarı ilə əlaqə saxladığını bildirib: “Mən ona zəng edib, halallığını aldım. Fikrimcə, belə də olmalıdır. Qasımov da başa düşür ki, bu, rəhbərliyin qərarıdır və mənlik hem nə yoxdur”.

Bir müddət öncə bütün aşağı yaş qruplarımızdan ibarət yığmalarımıza da seleksiyaçı məşqçi təyin edilən Qədirovun sözlərinə görə, iki postda çalışmaq ona problem yaratmayacaq: “Baş məşqçi təyinatım müvəqqətidir və son iki oyuna yola vermək lazımdır. Bundan sonra rəhbərliklə oturub, söhbətləşərik. Qalan oyunlarımız mayın 11-də evdə “Standard”, 17-də səfərdə “Bakı” olacaq. Bizə bu iki görüşdə xal çox lazımdır. Çünki Premyer Liqada yerimizi qorumalıyıq və bu vəzifəni yerinə yetirməyimiz hələ rəsmiləşməyib. Tale elə gətirdi ki, “Muğan”ın baş məşqçi postuna qayıdışım keçmiş komandam “Standard”la oyuna təsadüf edəcək. “Standard” da yaxşı komandadır və bu görüş şəxsən mənim üçün prinsipial deyil. Sadəcə, xala böyük ehtiyacımız var və qələbə qazanmaq üçün meydana çıxacağıq. Çempionluğun taleyi “Bakı” ilə oyunumuzda həll oluna bilər və bu görüşdə də xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. Heyətimizdə böyük dəyişikliklər olmayacaq”.

Qeyd edək ki, Qədirov futbolçu karyerası zamanı 1988-ci ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandasının heyətində dünya çempionu olub.
0