Barışmaz rəqiblərin yubiley qarşılaşması
08.05.2009 - 11:09
Barışmaz rəqiblərin yubiley qarşılaşması
Azərbaycan Premyer Liqasının XXV turunda baş tutacaq “Qarabağ” - “Xəzər-Lənkəran” matçı bürünc mükafatın sahibinin müəyyənləşməsində böyük rol oynayacaq. Apasport.az saytının məlumatına görə, üçüncü yeri tutmaq üçün nəzəri şanslarını qoruyan ağdamlılar Quzanlıda keçiriləcək görüşdə xal itirməməlidirlər.

Lənkəran təmsilçisi üzərində qələbə komandalar arasındakı balansda tarazlığın yaranmağına səbəb olacaq. Belə ki, bu klubların indiyədək keçirdiyi çempionat oyunlarında “Xəzər-Lənkəran” 5, “Qarabağ” isə 4 dəfə qalib gəlib. Heç vaxt heç-heçə etməyən barışmaz rəqiblərin 10-cu duelinə qədər hər komanda cəmi bir dəfə öz meydanında xal itirib. Düzdür, lənkəranlıların top fərqindəki üstünlüyü var – 16:11.

Turun mərkəzi qarşılaşması olan Quzanlıdakı görüş həm də baş məşqçilər üçün xüsusi əhəmiyyət daşıyır. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 3 ampluada “Xəzər-Lənkəran”la çempionluq mübarizəsi aparıb. 2004/05 mövsümündə dramatik mübarizədə çempion olan “Neftçi”də kapitan sarğısını daşımış Qurbanovun komandası lənkəranlılara 3 oyunda cəmi 1 xal verməklə rəqibini qızıl medala həsrət qoyub. Növbəti il “İnter”də oynayan Qurbanov “Xəzər-Lənkəran”a daha güclü zərbə vurub. Onun komandası 2:0 hesablı qələbə qazanmaqla Lənkəran klubunun baş məşqçisi Rasim Karanı istefaya göndərib. Maraqlıdır ki, Qurbanov “Qarabağ”ın baş məşqçi postunda da həmin Rasim Karanı əvəzlədi. 2005/06 mövsümünün ikinci dövrəsində də Qurbanovun komandası lənkəranlılara uduzmayıb. Yeni ampluada “İnter”in idman direktoru kimi Lənkərana yollanan mütəxəssis heç-heçənin şahidi olub.

Baş məşqçi qismində “Neftçi” də debüt edən Qurbanov karyerasında birinci məğlubiyyəti “Xəzər-Lənkəran”dan alıb. 2007/08 mövsümünün startındakı 1:2 hesablı uğursuzluq mütəxəssisin karyerası ərzində lənkəranlılara uduzduğu yeganə oyun olub. Qurbanov lənkəranlılarla 8 “duel”də cəmi bir dəfə uduzub.

“Qarabağ”ın baş məşqçisi bu posta gətirilməyinə görə “Xəzər-Lənkəran”a, cənubluları çalışdıran İqor Ponomaryov isə ağdamlılara borcludur. Məsələ burasındadır ki, lənkəranlılar yayda daha çox pul verməklə, geri qaytardıqları Rasim Karanı baş məşqçi təyin edərək, “Qarabağ”ı çalışdırıcısız qoymuşdular. Ağdam klubunun rəhbərliyi isə Qurbanovla anlaşmışdı. 37 yaşlı mütəxəssis öz növbəsində XII turda Karanı məğlub etməklə, “Xəzər-Lənkəran”ı başsız qoymuşdu. Və Ponomaryovun dəvət olunmasına əsas vermişdi.

İki dəfə cənubluların baş məşqçi istefasında rol oynayan Qurbanovla artıq kreslosu laxlayan Ponomaryovu daha bir məqam birləşdirir. Belə ki, 2002-ci il dünya çempionatının seçmə oyunlarında yığmanı çalışdıran 49 yaşlı mütəxəssis həm sələf, həm də xələflərinin güvəndiyi Qurbanova bel bağlamırdı. Milli komandanın tarixinə ən yaxşı bombardir kimi düşən “Qarabağ”ın hazırkı məşqçisi Ponomaryovun yığmaya rəhbərlik etdiyi 15 matçdan yalnız 4-də şans qazanıb.

Lənkəranlıların çalışdırıcısı üçün də rəqib tanış komandadır. Ponomaryovun azərbaycandakı klub karyerası “Qarabağ”da başlayıb. Bu komandadakı fəaliyyəti isə məhz indiki komandası “Xəzər-Lənkəran”ın hesabına sona çatıb. O zaman Lənkəranda 0:3 hesabı ilə uduzan “Qarabağ”ı daha iki oyuna çıxardıqdan sonra mütəxəssis komandadan ayrılmışdı.