“İstəmirik ki, PFL-in bizə kömək etməsindən danışsınlar”
08.05.2009 - 16:10
“İstəmirik ki, PFL-in bizə kömək etməsindən danışsınlar”
Tovuzun “Turan” klubunun kapitanı Nadir Nəbiyevin apasport.az saytına müsahibəsi

- XXIV turda “Standard”la görüşdə zədə səbəbindən oynamadınız. “Bakı” ilə sabahkı vacib oyun öncəsi vəziyyətiniz necədir?
- Bu gün də ciddi məşq edə bilmədim. Çünki ayağımda ağrılar var. Meydana çıxsam da, tam gücümlə oynaya bilmərəm. Ola bilsin ki, sonradan meydana çıxdım.

- Zədəniz ciddidir?
- “Olimpik”lə görüşdə əzələm dartıldı və bu səbəbdən meydanı yarımçıq tərk etdim. Arxa əzələm iki yerdən dartılıb.

- Kapitanın sabahkı oyunda olması vacibdir. Belə çıxır ki, “Bakı”ya qarşı oynayacağınız dəqiq deyil?
- Vallah, bilmirəm. Hələ sabaha kimi vaxtımız var. İnşallah, meydana çıxaram. Fərqi yoxdur, mən olmasam da Ruslan Abbasov və ya Kamal Ələkbərov sarğını daşıya bilər.

- Hər halda, Nadir Nəbiyevin öz yeri var...
- Oynamağa çalışacağam. İnşallah, meydanda az da olsa görünərəm. Bacardığım qədər komandama kömək edərəm.

- “Turan” - “Bakı” oyunu öncəsi böyük müzakirələr gedir. Komandanızda belə vacib görüş qabağı əhval-ruhiyyə necədir?
- Vallah, biz öz oyunumuzu oynamağa çalışacağıq. Əvvəl nə təhər oynamışıq, indi də elə. Bizim üçün kimin çempion olması fərq eləmir.

- “Turan” indiyədək təmiz futbol oynadığını və idman prinsiplərinə üstünlük verdiyini sübut edib. 2006-cı ildə Tovuzda “Karvan”la qolsuz heç-heçə bitən görüşü xatırlamaq olar...
- Elədir. Sabahkı oyun bunu göstərər də. Uda da bilərik, uduza da. Yaxud görüş heç-heçə nəticələnir. Yenə öz oyunumuzu göstərməyə çalışacağıq. İndiyə kimi burdakı görüşlərin hamısında azarkeşlər bizi dəstəkləyib, oyunumuzdan razı qalıblar. Bunu bir daha göstərməliyik ki, azarkeşlərimizdən yenə bizdən razı qalsın.

- Azarkeşlərdən söz düşmüşkən, artıq çempionluğun əldən getməsi ilə barışan “İnter”in baş məşqçisi Valentin Xodukin maraqlı açıqlama verib. O, “Turan”ın “Bakı”ya müqavimət göstərməyəcəyini düşünür və ikinci dövrədə Tovuzdakı oyunların birində azarkeşlərin “Bakı”, çempion” sədalarını səsləndirdiyini deyib. Yəni, tovuzluların “Bakı”ya simpatiyası varmı?
- Mən bunu eşitməmişəm. Xodukin getsin, öz komandasının işi ilə məşğul olsun. Yaxşı olardı ki, öz komandasının problemlərini üzə çıxartsın. Həmin azarkeşlər udanda da, uduzanda da “Turan”ı dəstəkləyiblər.

- Müasir futbolda stimullaşdırma halları normal sayılır. “İnter” də “Bakı”nın xal itkisində maraqlıdır və sizi maddi baxımdan stimullaşdıra bilər. Bu, həqiqətən də olub?
- Stimullaşdırmada heç bir problem yoxdur. Bizim rəhbərliyə deyiblər, deməyiblər, bundan xəbərim yoxdur. Ola bilsin, oyundan öncə desinlər ki, “İnter” “Bakı”dan xal almağa görə mükafat qoyub. Bizə bu haqda heç kim heç nə deməyib. Şəxsən mənə belə mükafatlandırma lazım deyil. Məgər indiyədək “İnter” bizə mükafat verib ki, “Olimpik” və ya “Karvan”dan, xal alaq? Çıxıb öz oyunumuzu oynamağa çalışacağıq. Çempionluğun bizə aidiyyatı yoxdur.

- İkinci dövrədə komandanızın çıxışı həqiqətən də yaxşı alındı. Bunun müqabilində əməyiniz maddi baxımdan qiymətləndirilibmi?
- Biz “Turan”a pul üçün gəlməmişdik. Bu, hamıya – istər yerli, istərsə də əcnəbi futbolçulara aiddir. Burda maaş belə almırıqsa, hansı mükafatdan danışmaq olar? Ümumiyyətlə, oyunların heç birində mükafat almamışıq. Əgər maaşdan söhbət gedirsə, bu, çox cüzi olub. Hətta belə olub ki, bəzi komandalarda bir futbolçunun aldığı maaşı bizim komandaya bir ayda verməyiblər.

- Amma futbolçu da ailəsini dolandırmaq üçün pul qazanmalıdır. Belə çıxır ki, əvvəllər nə qazanıbsınızsa, onun hesabına dolanırsınız..
- Ay sağ ol, qardaş. Fikrimiz, niyyətimiz bütün hamıya bəllidir. Hamı bilir ki, biz “Turan”a niyə gəlmişik. Hər şeyi gözümüzün önünə gətirib, bura gəlmişik. Məqsədimiz odur ki, “Turan” Premyer Liqanı tərk etməsin. Bizim də bundan sonra maya kimi köməyimiz dəyə bilər. Növbəti çempionata gəlincə, buna baxarıq. Şəxsən özümü götürürəm ki, mən qalıb, bu formada burda oynaya bilmərəm. Qardaş, açığını deyim ki, topumuz, formamız, butsumuz yoxdur. Bu cür oyunlara hazırlaşan komandadan kimsə nəsə tələb edə bilməz? Sağ olsun, bütün uşaqlar. Məşqçisindən tutmuş futbolçusuna, sıravi işçisinə qədər, hamı bura komandanın imicini qorumaq üçün yığılıb. Sabah “Bakı” ilə oyuna da “Turan”ın imicini qorumaq üçün çıxacağıq. İstənilən nəticə ola bilər. Amma biz razı olmarıq ki, kimsə bizim haqqımızda nəsə danışsın.

- Premyer Liqada qalmağı rəsmiləşdirmək üçün “Bakı” ilə oyunda sizə bir xal lazımdır. Ancaq digər tərəfdən, “Bakılı” sabah “Neftçi” ilə səfər oyununda qalib gəlməsə, “Turan”ın yerini qoruması avtomatik rəsmiləşəcək...
- Düzdür. Bizə iki oyunda bir xal lazımdır. Çox adamlar danışır ki, bizim Premyer Liqada qalmağımız istədilər. Burda Ramin Musayevin adını hallandırmaq lazım deyil. Bizə hansı köməklikləri ediblər ki? Ramin Musayev təkcə “Turan”ın yox, bütün Azərbaycan futbolunun inkişafına çalışa bilər. İstər “Bakı”, istərsə də son turda “Qəbələ” ilə oyuna maksimum nəticə qazanıb, yerimizi bərkitmək üçün çıxacağıq. İstəmirik ki, kimsə haqqımızda “Turan” 4 komandanın içində PFL-nin köməyi ilə Premyer Liqada qaldığını danışsın.

- Qış fasiləsində “Turan”a toplaşan təcrübəli futbolçular öz oyunları ilə sonuncu yerdə qərarlaşan komandanı 11-ci pillə çıxardı. Yəni, demək olarmı ki, missiyanı artıq yerinə yetirmisiniz...
- Oyunlarımız arasında yaxşısı da olub, pisi də. Ancaq hər bir rəqiblə görüşə, istər ev, istərsə də səfər oyununa qələbə qazanmaq, maksimum nəticə üçün çıxmışıq. Belə deyim ki, xalımızı qazanmaq, “Turan”ı Premyer Liqada saxlamaq üçün cırmaq-cırmaq oynamışıq. Qardaş, bizə maaş verə bilməyən komanda hansı mükafatı verə bilər? Biz bura pulu, mükafatı, artıq maaşı fikirləşib, gəlməmişik.

- Premyer Liqada qalmağınızda nigeriyalı hücumçu Viktor İbekoyinin əməyi danılmazdır. Onun vurduğu 7 qol həlledici oldu...
- Həqiqətən də İbekoyi vurduğu qollarla Premyer Liqada qalmağımızda böyük kömək etdi. Burda hər bir futbolçuya doğma münasibət göstərilir. Tovuzda oynadığım müddətdə görmədiyim azarkeşləri indi gördüm. Sizi inandırım ki, uduzduğumuz oyundan sonra da azarkeşlər tribuna tərk etməyib, sona kimi komandanı alqışlayıblar.

- “Turan”ın birinci diviziona düşəcəyini heç təsəvvür edirsiniz? Yəqin ki, bu, artıq komandanın sonu olacaqdı?
- Qərb bölgəsində demək olar ki, yalnız “Turan” qalıb. Bu komandaya Premyer Liqada bir sponsor, hansısa imkanlı şəxs baxmırsa, birinci dəstəyə düşəndən sonra kim baxası idi? Çox güman ki, “Turan” heç birinci dəstədə də çıxış etməyəcəkdir.

- Komandaya sponsor məsələsi haqda çox danışılsa da, hələ də ortada bir şey yoxdur. Siz işinizi gördünüz, indi qalır komandaya maddi baxımdan dəstək. Bu, xoş xəbər nə vaxt olacaq?
- Mən başqa komandalarda – istər “Neftçi”də, istərsə də “Xəzər-Lənkəran”da çıxış edəndə eşitmişəm ki, “Turan”a hansısa sponsor gəlir, onu himayəyə götürür. Bunu hələ də eşidirəm. İndi də deyirlər ki, kimsə gəlir, komandanı götürməli, hər şey yaxşı olmalıdır. Amma hələ ortada bir şey yoxdur.

- Siz yeganə azərbaycanlı futbolsunuz ki, “Birlik kuboku”nu iki klubla – “Neftçi” və “Xəzər-Lənkəran”la qazanmısınız. Bu rekordunuzdan xəbəriniz var idimi?
- (gülür). Bunu eşitsəm də, dəqiq bilmirdim. İnşallah, bunun davamı gələr. Bəlkə kimsə məndən də yaxşı göstəriciyə imza atdı.

- Onu demək istəyirik ki, 29 yaşlı Nadir Nəbiyev karyerasında eniş dövrünü yaşayır, autsayder komandada oynayır. Halbuki “Neftçi”də çempion olub, komandanın kapitanı kimi “Birlik kuboku”nu başınız üzərinə qaldırmısınız. Nadiri yenidən güclü, mükafatlara iddialı komandada nə vaxt görmək olar?
- İnşallah, fikrim, niyyətim də budur ki, gələcəkdə iddialı klubda oynayım. “Turan”a gəlməklə, həm formamı saxlamaq, həm də komandaya kömək etmək istəyirdim. Şükürlər olsun, təkliflər var. Açıq deyirəm ki, iddialı klubdan dəvət almışam. İstərdim ki, Tovuzda oynayım. “Turan”da vəziyyət düzəlməsə, hansısa iddialı kluba keçəcəyəm.

- Bu konkret hansı komandadır?
- Yox, ad açıqlamaq istəmirəm.
0