“Nou Kamp”, “Enfild Roud” və Qəbələ
08.05.2009 - 16:22
“Nou Kamp”, “Enfild Roud” və Qəbələ
“Qəbələ” klubu ingilislərlə anlaşıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqası təmsilçisi üçün yeni stadionu inşa etmək vəzifəsini məşhur AFL şirkəti öz üzərinə götürüb. Mançester şəhərində yerləşən şirkətə Qəbələdə 15 min tamaşaçı tutan stadion tikmək tapşırılıb. Ölkəmizdə həyata keçiriləcək layihə AFL-ın eyni vaxtda gördüyü üç işdən biri olacaq.

Belə ki, Qəbələdə iş görəcək ingilislər Braziliyada Devid Bekhemin futbol akademiyasının inşası və məşhur “Nou Kamp” stadionunda aparılacaq əsaslı təmir işlərinə hazırlıqla da məşğul olur. Təmsilçimizlə danışıqları şirkətin maliyyə direktoru Hari Rouland və memar Riçard Qarrod aparıb.

Memarlıq şirkəti olan AFL idman qurğuları sahəsində ixtisaslaşıb. Hazırda “Barselona”ya məxsus “Nou Kamp”la məşğul olan şirkətin Britaniyanın əksər stadionlarının inşa və ya təmirində rolu olub. “Liverpul”a məxsus “Enfild Roud”dan tutmuş “Viqan”, “Preston”, “Çarlton”, “İpsviç”, “Harts” və bir sıra başqa kluba məxsus stadionun layihəsinin müəllifi olan AFL “Çelsi”, “Everton”, “Mançester Siti” kimi bir neçə klubun bazasının hazırlanmağında pay sahibi olub.
0