Futbolçular “Simurq”u çətin vəziyyətə saldı
08.05.2009 - 23:00
Futbolçular “Simurq”u çətin vəziyyətə saldı
“Simurq” Premyer Liqanın növbəti turunda “Qəbələ” ilə vacib oyun öncəsi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Roman Pokora mayın 11-də Zaqatalada keçiriləcək bu görüşdə 7 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.

Ramin Nəsibovla gürcü Qriqol Dolidzenin zədə üzündən mövsümü vaxtından əvvəl bitirməsi öncədən məlum idi. Elşən Məmmədov pəncəsində zədəni tam sağaltmayıb. Son məşqlərin birində belində ağrılar hiss edən gürcü müdafiəçi Kaxaber Çxetiani də “Qəbələ” ilə görüşü buraxacaq. Ukraynalı hücumçu Sergey Artyux sarı vərəqə limitini aşaraq, cəzalı duruma düşdüyü üçün meydana çıxa bilməyəcək. Digər ukraynalı hücumçu Vladimir Mazyar isə artıq bir neçə turdur diz ağrıları olduğundan meydana iynə altında çıxır. Bu səbəbdən 90 dəqiqə oynamayan, matçların gedişində əvəzlənən komandanın bombardirinin “Qəbələ” ilə görüşü buraxacağı gözlənilir.

Nəsibovla Məmmədovun ön xətdə çıxış etdiyini nəzərə alsaq, “Simurq” faktiki hücumçusuz qalıb. Bu azmış kimi, cəzası bitən David Bolkvadze də problemlə üzləşib. Belə ki, son turda “Bakı” ilə oyunu cəza səbəbindən buraxan hücumameylli gürcü yarımmüdafiəçinin da ağrıları var. Bolkvadzenin meydana çıxıb-çıxmayacağı “Qəbələ” ilə oyun saatı bəlli olacaq.

Qeyd edək ki, “Simurq”un mövsümü bürünc medalçı kimi başa vurması artıq növbəti turda rəsmiləşə bilər.
0