Dieqo Maradona milli komandamızdan kompensasiya istəyirmiş
09.05.2009 - 10:16
Dieqo Maradona milli komandamızdan kompensasiya istəyirmiş
Argentina milli komandasının Bakıya gəlib Azərbaycanla qarşılaşmamağının səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, cənubi amerikalıların baş məşqçisi Dieqo Maradonanın millimizlə qarşılaşmaq arzusunun gerçəkləşməyinə qonaqların kompensasiya istəyi mane olub.

Bir müddət əvvəl 49 yaşlı mütəxəssis Bakıya gəlmək variantlarının olduğunu açıqlasa da, Argentina yığması Rusiya (12 avqust), İspaniya (14 noyabr) və Nigeriya (18 noyabr) ilə oynamağa üstünlük verib. Buna səbəb həmin komandaların argentinalıların şərtlərini qəbul etməyidir. Futbolun yazılmayan qaydalarına görə, daha güclü komanda nisbətən zəif rəqiblə görüşdüyü üçün kompensasiya alır ki, bu məbləğin həcmi də komandalar arasındakı səviyyə fərqində asılı olur. Avropa çempionu İspaniya ilə ikiqat dünya çempionu olan cənubi amerikalıların hansı şərtlərlə anlaşdığı məlum olmasa da, Rusiya Maradonanın komandasına külli miqdarda pul ödəməli olacaq. Belə ki, Avropanın üçüncü güclü komandası qonaqlara bu səfərə görə 750 min dollar verməlidir. Rusiya kimi güclü komandadan bu boyda kompensasiyanın tələb olunduğu halda, argentinalıların Bakı səfəri üçün də ən azı həmin məbləği tələb etdiyi də şübhə doğurmur.
0