“Palermo” ilə “Qarabağ” arasındakı fərq nədir?
09.05.2009 - 12:27
“Palermo” ilə “Qarabağ” arasındakı fərq nədir?
İtaliyanın “Palermo” klubunun futbolçusu Morris Karrosierrinin narkotikdən istifadə etdiyi təsdiqlənib. Apasport.az saytının məlumatına görə, A seriyasında çıxış edən 29 yaşlı müdafiəçidən götürülən test onun kokaindən istifadə etdiyini üzə çıxarıb.

Nizam-İntizam Komitəsinin (NİK) yığıncağında Morris özü də bunu təsdiqləyib: “Kokainin dadına baxdım. Bu bir ay əvvəl iştirak etdiyim məclisdə baş verib”.

Futbolçunun etirafına baxmayaraq, iki illik futboldan kənarlaşdırılıb. Morrisin çıxış etdiyi “Palermo” isə narkotikə görə cəzalanan futbolçusu ilə müqaviləni pozmamaq qərarına gəlib. Klub rəhbərliyi oyunçusunun həyatındakı bu çətin günlərdə də ona dəstək olacağını bildirərək, müqavilə ilə ona çatacaq paranı sonadək verəcək.

Qeyd edək ki, oxşar hadisə ölkəmizdə də baş versə də, Azərbaycan klubu öz futbolçusuna fərqli münasibət göstərmişdi. 2006-cı ilin payızında Azərbaycan milli komandasının dopinqdən istifadəyə görə il yarımlıq cəzaya məruz qalan müdafiəçisi Sergey Sokolov “Qarabağ”dan kənarlaşdırılmışdı. Hərçənd, Morrisdən fərqli, o kokainin dadına baxmamış, həkim səhvinin qurbanı olmuşdu.
0