Rəşad Sadıqov: Əlvida, Superliqa!
10.05.2009 - 19:41
Rəşad Sadıqov: Əlvida, Superliqa!
Türkiyə Superliqasında XXXI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdikləri “Kocaelispor” klubu öz meydanında “Trabzonspor”la qarşılaşıb.
Həmişəki kimi, Hüseynovun oynamadığı matçda milli komandamızın kapitanı Sadıqov 90 dəqiqə meydanda olub. Qonaqların aşkar üstünlüyü ilə keçən oyunda isə İzmit təmsilçisi məğlubiyyətə uğrayıb. İlk yarını Umut Bulut (23) və Gökhan Unalın (45) qolları sayəsində 2:0 hesabı ilə başa vuran “Trabzonspor” bir də matçın son saniyələrində Alanzinonun dəqiq zərbəsinə sevinib. Meydan sahiblərinin isə yalnız bir qola gücü çatıb ki, 59-cu dəqiqədə Hamza fərqlənib.

Beləliklə, rəqibinə 1:3 hesabı ilə uduzan kocaelilərin növbəti mövsümdən Superliqanı tərk edəcəyi rəsmiləşib. Çünki çempionatın başa çatmasına 3 tur qalıb və 17-ci yerdə məskunlaşan İzmit təmsilçisi özündən əvvəlki rəqibindən 9 xal geridədir.
0