Şou göstərən bəstəkar oğlu Əsgər Abdullayevi öpdü
12.05.2009 - 10:26
Şou göstərən bəstəkar oğlu Əsgər Abdullayevi öpdü
Azərbaycan Premyer Liqasının XXV turu “Olimpik” klubu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi 4 illik tarixində ən böyük hesablı qələbəsini qazanıb. Əsgər Abdullayevin komandası hesabat turunda MOİK-i darmadağın edib – 6:1.

2005-ci ildən güclülər dəstəsində mübarizə aparan “Olimpik” daha çox 1:0 hesablı qələbələrə sevinib. Komanda tarixində ən böyük hesablı qələbəsini də cari mövsümdə “Şəfa”da autsayder üzərində qazanıb. Bu, Premyer Liqanın XVII turunda, martın 7-də “Bakılı” üzərində qazanılan qalibiyyət idi – 4:0. Həmin görüşdə “Olimpik”in hücumçusu Leandro Qomeş ölkəmizdə çıxış etdiyi 5 ildə ilk dəfə het-trik edib.

Milli komandamızın da üzvü olan 33 yaşlı braziliyalı “Bakı”da oynadığı 4 ildə het-trikə imza atmamışdı. Qomeş MOİK-lə oyunda da qol vurmaqla yenə qələbədə pay sahibi oldu. Onun “Bakı”da da komanda yoldaşı olduğu Aleksandr Qoqoberişvili isə “Olimpik”də qol hesabını açıb. 32 yaşlı gürcü yarımmüdafiəçi isə MOİK-lə görüşdə son nöqtəni qoyub.

Ancaq sözsüz ki, “Olimpik”in MOİK üzərində böyük hesablı qələbəsində ən böyük pay sahibi Nəriman Əzimova məxsusdur. Belə ki, cari mövsümdə ilk dəfə əsas heyətdə yer alan 23 yaşlı hücumçu het-trikə imza atıb. Özü də Nəriman buna qış fasiləsində adının hallandığı MOİK-lə oyunda nail olub. Hər halda, ordu klubunun baş məşqçisi Qəhrəman Əliyev də Əzimovun ikinci dövrədən rəhbərliyi altında oynayacağının mümkünlüyünü bildirmişdi. Nəriman buna qədər cari mövsümdə cəmi bir oyun keçirib ki, onda da sona 8 dəqiqə qalmış meydana çıxıb.

2006-cı ilin yayında Abdullayev baş məşqçi postuna keçəndən sonra Əzimov da komandada yer alıb. Ancaq daha çox ehtiyatda qalan Nəriman bu üç il ərzində cəmi dörd oyun keçirib. Hər halda, gənc hücumçu ötən mövsüm “Olimpik”in heyətində Azərbaycan çempionatının gümüş medalçısı olub. Əzimov cari mövsümdə het-trik edən ikinci azərbaycanlı futbolçu idi. Buna qədər “Bakı”nın 20 yaşlı hücumçusu Bəxtiyar Soltanov “Bakılı” ilə görüşdə (3:1) üç qol vurmuşdu. Yeri gəlmişkən, Bəxtiyar cari mövsümdə het-trik edən ən gənc futbolçudur.

Qeyd edək ki, Nəriman tanınan bəstəkarımız Nadir Əzimovun oğludur. Onun babası da məşhur musiqiçi, dirijor olub. Söhbət Nəriman Əzimovdan gedir. Ona məhz babasının adı qoyulsa da, kiçik Nəriman musiqini yox, futbolu seçib. O, ilk iki qol zamanı uğurunu baş məşqçisini öpməklə qeyd edib. Belə ki, Nəriman hər iki halda topu rəqib qapısına keçirdikdən sonra ehtiyat oyunçular skamyasına tərəf qaçaraq, sevincini Əsgər Abdullayevlə bölüşüb.
0