Georgi Demetradze: “Xəzər-Lənkəran” xoşuma gəlir
12.05.2009 - 14:53
Georgi Demetradze: “Xəzər-Lənkəran” xoşuma gəlir
“Qarabağ”la kubok oyununda aldığım sarı vərəqə dördüncü olduğundan “Turan”la görüşü buraxmalı idim. Belə olan halda, Tovuza deyil, Tiflisə yollandım. Pasportum cırıldığından yeni sənəd almaq üçün vətənimə getməyim zəruri idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın futbolçusu Georgi Demetradze deyib.

Gürcüstan milli komandasının 33 yaşlı sabiq hücumçusu son turdakı rəqiblərinin – “Muğan”ın “İnter” tərəfindən stimullaşdırılmağından çəkinmir: “Mənim üçün stimullaşdırma gözlənilməz bir şey deyil. Dünyanın hər yerində belə şey var və mən belə hallara normal yanaşıram. Həm də ki, son turdakı rəqiblə bəxtimiz gətirib. “Muğan” səviyyəsinə görə bizdən çox geri qalır. Adi futbolumuzu oynasaq, stimullaşdırma da çempionluğumuza mane olmayacaq”.

Demetradze çempionluq yolundakı rəqibləri arasında daha çox “Xəzər-Lənkəran”ın oyununu bəyənir: “Turnir cədvəlinə baxanda görərik ki, əsas rəqibimiz “İnter”dir. Lakin şəxsən mənim xoşuma daha çox “Xəzər-Lənkəran” gəlir. Onlar bizə qarşı da layiqli oynadılar. İzləyə bildiyim digər matçlarda da topla yaxşı rəftar edir, texnikalı futbolu və usta oyunçuları ilə seçilir”.

Georgi komandadakı gürcülərin sayının artmağını istəyir: “Georgi Adamiya komandamıza gələndə ikiqat sevindim. Çünki həmyerlilərimin də sayı artmışdı. İndi mən, adaşım və Amiran Muciri üç nəfərik. Tam xoşbəxtlik üçün isə dördüncü muşketyora da ehtiyac var. Amma mən kimisə məsləhət verəsi deyiləm. Belə işlərlə məşğul olmuram”.

Mənbə: extratime.az
0