“Neftçi”nin sabiq baş məşqçisinin arzusu gerçəkləşmədi
12.05.2009 - 16:09
“Neftçi”nin sabiq baş məşqçisinin arzusu gerçəkləşmədi
Çexiya milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsindəki uğursuzluqlar üzündən istefaya göndərilən Petr Radanın xələfi Frantişek Straka olacaq.

Bir müddət boş qalan baş məşqçi postuna 51 yaşlı mütəxəssisin təyinatını Çexiya Futbol Federasiyasının İcraiyyə Komitəsi təsdiqləyib. Futbolçu kimi “Sparta” klubunda 9 il oynaması ilə tanınıb Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasında üç il top qovan, 1990-cı ildə Çexoslovakiya milli komandasının heyətində dünya çempionatının ¼ finalçısı olan müdafiəçi məşqçi kimi uğur qazana bilməyib. 9 ildir ki, məşqçilik edən Straka ən yaxşı halda vətənində “Sparta”, Yunanıstanda isə OFİ klubunu çalışdırmaqla öyünə bilər.

Qeyd edək ki, Strakanın yığmanın baş məşqçisi postuna namizədlər arasındakı rəqibləri sırasında Bakının “Neftçi” klubunun sabiq çalışdırıcısı Vlastimil Petrjela da var idi.
0