“Futbolunuzun bədbəxtçiliyi ondadır ki...”
12.05.2009 - 23:09
“Futbolunuzun bədbəxtçiliyi ondadır ki...”
Azərbaycan Premyer Liqasının bürünc medalını qazanan Zaqatalanın “Simurq” klubunun ukraynalı baş məşqçisi Roman Pokoranın apasport.az saytına müsahibəsi

- Ölkə çempionatının son turunda “Qəbələ” üzərində qazandığınız qələbə sayəsində bürünc medala sahib çıxmağınız rəsmiləşdi. Maraqlıdır, bu münasibətlə Zaqatalada toy-bayram hələ də davam edir?
- Mövsüm bitməyib, bizim hələ bir oyunumuz var. Hansı bayramdan danışırsınız?

- Hər halda, bu, Zaqatala futbolunda tarixi uğurdur və heç vaxt belə nailiyyət əldə olunmayıb...
- Fikrimcə, qazandığımız uğur qanunauyğundur. Çünki biz bu nəticəyə doğru üç ildir irəliləyirdik. Arxada qalan 25 tur ərzində həmişə ilk “üçlük”də olmuşduq. Bunda təəccüblü heç nə görmürəm. Mən bu sözləri hələ 3-cü, 5-ci, 10-cu turdan sonra da demişəm.

- Çoxları “Simurq”un bu uğuruna barmaqarası baxırdı və klubunuzun ilk “üçlük”də qalmayacağını proqnozlaşdırırdı. Yəqin ki, komandanın bütün mövsüm boyu yuxarı pillələrdə qərarlaşması təsadüfi deyil.
- Elə mən də bu fikirdəyəm. Misal üçün, ilk dövrədə 28, ikinci dövrədə 25 xal toplamışıq. Yəni göründüyü kimi, komanda sabit çıxış edir. Səfərdə yalnız “İnter” və “Bakı”ya uduzmuşuq. Özü də “Bakı”ya oyunun uzatma dəqiqələrində buraxdığımız qolla məğlub olduq. Nəticə hər şeyi deyir.

- Üç ildir güclülər dəstəsində çıxış edən “Simurq”un və bu müddətdə onun baş məşqçisi olan Roman Pokoranın uğurunun sirri, resepti nədir?
- Birincisi, bu, klub rəhbərliyi, məşqçilər korpusu və komandanın birgə əməyinin nəticəsidir. İkincisi də “Simurq”da səviyyəli futbolçular cəmləşib. Bunlar Rusiya, Ukrayna, Gürcüstanda oynamış, medal qazanmış, avrokuboklarda çıxış etmiş futbolçulardır. Bunu da nəzərdən qaçırmaq olmaz.

- Bəs bundan da yaxşı nəticə göstərməyə, “Bakı” və “İnter”i qabaqlamağa nə imkan vermədi?
- Siz bunu çox gözəl bildiyiniz halda, niyə mənə sual verirsiniz?

- Çünki mən bunu sizin dilinizdən eşitmək istəyirəm...
- Bu, ilk növbədə klubun maliyyə imkanı ilə bağlıdır. Bizdə belə baza yoxdur. Yenicə öz stadionumuzda oynamağa başlamışıq. Axı, “Simurq” ötən mövsüm sanki səfərdə oynayırdı. Bildiyiniz kimi, həmin vaxt Qaxda çıxış edirdik. Zaqatalanın isə necə sadiq futbol azarkeşləri var! Siz görərdiniz ki, son turda yerli publika nələr edirdi, şəhərdə böyük bayram yaşanırdı. Yəqin ki, bizdən başqa, yalnız Lənkəranda belə sadiq azarkeşlər var. Digər komandalarda isə bu cür fanatlar yoxdur. Buna görə də futbolçularımızın azarkeşlər qarşısında pis oynamağa haqları yoxdur.

- “Xəzər-Lənkəran”dan söz düşmüşkən, bu komanda “Simurq”u həm maliyyə imkanları, həm də futbolçularının səviyyəsinə görə üstələsə də, mükafatçılar sırasına düşə bilməyəcəyi, avrokuboklardan kənarda qalacağı gözlənilir. Məhdud büdcəyə malik komandanız nəticə qazanması ilə “Xəzər-Lənkəran” kimi klublara nəyi göstərir?
- Bilirsiniz, pulun çox olması da pisdir. Pul lazımi qədər olmalıdır. Pul çox olanda isə həm məşqçilər, həm də futbolçular ərköyünləşirlər. Prinsipcə, mən “Xəzər-Lənkəran”dakı vəziyyəti bilmirəm. Bu, onların öz problemidir. Bizim isə öz problemimiz var.

- İndi “Simurq”u məsul sınaq gözləyir. Tezliklə avrokuboklarda debüt oyununa çıxacaqsınız. Gərək, həmin vaxta qədər problemlərinizi həll edəsiniz...
- Təbii ki, bu belədir. Hesab edirəm ki, biz qitə miqyaslı yarışda da nəsə etməliyik. Hər halda, heyətimizi gücləndirəcəyik. Komandanın əsas özəyi isə qalacaq. Bunu indidən dəqiq deyə bilərəm. Bu, istər sponsor, istər prezident, istərsə də mənim fikrimdir. Bir az güclənməyimiz lazımdır. Çünki mövsümü praktiki olaraq, 12-13 futbolçu ilə keçirmişik. Onlar əsas ağırlığı öz üzərinə götürdülər.

- Son turda “Xəzər-Lənkəran”la səfər oyununa necə yanaşacaqsınız? Artıq böyük əhəmiyyət kəsb etməyən bu görüşdə də nəticəyə oynayacaqsınız?
- Əlbəttə. Başqa cür ola bilməz. Axı, biz nəyə görə həmin oyunda uduzmalıyıq? Lənkəranda oynamaq maraqlı olacaq. Hesab edirəm ki, “Xəzər-Lənkəran” yaxşı komandadır və layiq olduğu yerdə deyil. Onlar daha yuxarı pillələrdə qərarlaşmalıdırlar. Bunun niyə belə olması isə artıq öz problemləridir və daxili işlərinə qarışmaq düzgün deyil. Avrokuboklara hazırlığımız “Xəzər-Lənkəran”la oyunda başlayacaq. Bu, hazırlığın ilk mərhələsi olacaq.

- Ümumiyyətlə, hazırlıq planları müəyyənləşibmi?
- Hələ yox. Çünki avrokuboklarda rəqibimiz, oyunumuzun nə vaxt olacağını bilmirik. Mövsüm bitdikdən sonra vətənimdə olduğum müddətdə bura ilə mütəmadi əlaqə saxlayıb, hazırlığa nə vaxt başlayacağımızı müəyyənləşdirəcəyəm. Hələ vaxtımız var.

- “Simurq”un cari mövsümdə Zaqatalaya qayıdışı öz bəhrəsini verdi. Hər halda, qazandığınız nəticədə bunun da böyük rolu var. İndi qalır avrokubok oyunlarını öz stadionunuzda keçirmək.
- Bu, mənim üçün ən ağrılı məsələdir. Komanda avrokuboklara vəsiqə qazansa da, ev oyunlarını Zaqatalada yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Halbuki burada gözəl stadionumuz, azarkeşlərimiz var. Zaqatalada hər şey, o cümlədən hava limanı da hazırdır. Stadionumuzun lisenziya ilə bağlı məsələsini kimsə sona kimi başa çatdırmayıb. Stadionun lisenziyasının olmadığını deyirlər. Hərçənd, stadionumuz UEFA miqyaslı məsul oyunları qəbul etməyə hazırdır. Azarkeşlər xarici komandaları Zaqatalada görmək istəyirlər. Biz ona görə oynayırdıq ki, misal üçün bura Polşa, Çexiya komandaları gəlsinlər. Amma bu məsələ həll olunmayıb. Buna məsul olan şəxsi cəzalandırmaq lazımdır.

- Konkret kimi?
- Kim buna məsuldursa, onu. Dəqiq bilirəm ki, bu məsələdə bizim, klubumuzun günahı yoxdur. Buna məsul olan şəxslər bu işlə məşğul olmalı idilər.

- UEFA nümayəndələri Zaqatalaya gəlib, oradakı vəziyyətlə yerində tanış olmalı idilər.
- Günahın konkret kimdə olduğunu deyə bilmərəm. Amma günahkar var və məsələ araşdırmalıdır. Bilinməlidir ki, kimin günahı ucbatından “Simurq” avrokuboklarda ev oyunlarını Zaqatalada keçirməkdən məhrum olunub. Zaqatalada hər adamın 100 manat xərcləyib, Bakıya getmək imkanı yoxdur. İki-üç min azarkeşin paytaxta gələcəyini düşünürəm. Avrokuboklarda rəqiblərimizi Zaqatalada qəbul etməyə icazə yoxdur. Bu, mənim üçün ən ağrılı, dəhşətli məsələdir. Fikrimcə, elə azarkeşlərimiz də çox narahatdırlar.

- “Simurq”a gələnədək avrokuboklarda çıxışınızı necə xatırlayırsınız?
- Avrokuboklarda həm futbolçu, həm də məşqçi kimi iştirak etmişəm. Moldovada işlədiyim zaman da UEFA kubokunda oynamışıq. Məşqçilik karyeramda avrokuboklarda debütüm o zaman olub.

- Həmin vaxt da baş məşqçi idiniz?
- Bəli. Mən heç vaxt ikinci məşqçi olmamışam. Həmişə baş məşqçi kimi çalışmışam. Moldovada Beltsı təmsilçisini çalışdırmışam. UEFA kubokunda iki mərhələ adladıq. Futbolçu kimi isə avrokuboklarda Lvovun “Karpatı” klubunun heyətində oynamışam. Kuboklar Kubokunda Buxarestin “Styaua” klubuna uduzmuşduq. 1969-cu ildə “Karpatı” ilə SSRİ kubokunu qazanıb, Kuboklar Kubokuna vəsiqə qazanmışdıq. Mənim həmin vaxt 20 yaşım vardı. Həmin uğurumuzun bu il 40 illik yubileyi oldu.

- Belə demək olarmı ki, “Simurq”la qazandığınız bürünc medal məşqçilik karyeranızda ən böyük uğurdur?
- Necə istəyirsiniz, elə da sayın.

- Bəs siz özünüz necə?
- Prinsipcə, hə.

- Zaqatala əvvəlki milli çempionatlarda “Daşqın” klubu ilə təmsil olub. Bir ara zaqatalılar nostalji hisslərlə yaşayaraq, bu komandaya simpatiya edirdilər. Yenə bunu hiss edirsinizmi?
- Bilirsiniz, bu, mənim işim deyil. Zaqatala futbolunun tarixini oxumuşam. Fikrimcə, “Simurq” hazırda Zaqatala futbolunda bumdur. “Simurq”da elə insanlar var ki, artıq onlara heykəl qoymaq lazımdır. Onlar şəxsi pullarını Zaqatalada futbolun inkişafı naminə qurban verirlər. Əgər onlar klubun adını “Simurq” qoyublarsa, deməli, belə məsləhət imiş və işlərini bilirlər.

- Bildiyimizə görə, “Simurq”la müqaviləniz cari mövsümün sonunda bitir.
- Doğrudur.

- Yəqin ki, müqavilənin müddətini artıracaqsınız?
- Artıq bununla bağlı söhbət olub. Mən “Simurq”la müqaviləni daha bir illiyə uzadıram. Bu məsələ hələ “Qəbələ” ilə oyuna qədər həll olunmuşdu. Sponsor, prezidenti qalmağımı istədi və mən də razılığını verdim.

- Təbii ki, “Simurq”un bundan sonrakı uğuru daha böyük olmalıdır...
- (gülür) Allah qoysa! Biz buna can atırıq.

- Sizcə, “Simurq” növbəti mövsümdə çempion olmağa qadirdir?
- Gəlin, hələ yeni mövsüm haqda danışmayaq. Cari mövsümü normal bitirək, bundan sonra danışarıq.

- Əgər rəhbərlik sizinlə müqaviləni uzadırsa, deməli, qarşınızda müəyyən vəzifələr qoyub?
- Hələ bu istiqamətdə söhbət olmayıb. Mövsümü bürünc medalçı kimi bitirmək vəzifəsini yenicə yerinə yetirmişik. Mayın 17-də mövsüm başa çatdıqdan sonra rəhbərliklə görüşüm olacaq. Həmin vaxt bütün qaranlıq mətləblərə, suallara aydınlıq gələcək. Komandanın bu uğurla kifayətlənməyəcəyi, yerində dayanmayacağı birmənalıdır.

- Yəqin ki, həm sizin, həm də bütün komanda üzvlərinin əməyi maddi baxımdan yaxşı qiymətləndirilib. Rəhbərliyin verdiyi mükafatdan razısınızmı?
- Bu mövzu barədə də danışmayaq. Onu deyə bilərəm ki, zəngin klub olmasaq da, maddi vəziyyətimiz sabitdir. Hər iş dəqiq görülür. Klubda çox az işçimiz var. Ancaq hər bir şəxs konkret nəyə cavabdeh olduğunu yaxşı bilir. Bizdə boş-boş danışan adamlar yoxdur. Klubda işləyən şəxslər yer alıb. Bizdə sponsor, prezident, baş məşqçi var. Vitse-prezidentimiz yoxdur, inzibatçımız var. Klub rəhbərliyinə ona görə minnətdaram ki, tənbəl, işsiz adamları saxlamırlar. Azərbaycan futbolunun bədbəxtçiliyi ondadır ki, futbolun ətrafında çoxlu lazımsız adamlar fırlanır. Bizdə belələri yoxdur və hər bir adam konkret işini görür.

- Amma razılaşın ki, kluba vitse-prezident lazımdır.
- Bizim icraçı-direktorumuz var və o, seleksiya işi ilə məşğul olur. Hesab edirəm ki, işçilərimiz yetərlidir və rəhbərliyin bu mövqeyi düzgündür.

- Cari mövsümdə futbolumuzda yeni rekord qeydə alındı. Belə ki, hər üç medalı xarici mütəxəssis qazandı. Sizcə, bu, Azərbaycan futbolunda nəyin göstəricisidir?
- Əslində, mən özümü burda əcnəbi mütəxəssis kimi hiss etmirəm. Çünki biz hamımız eyni ölkədə - SSRİ-də böyümüşük, eyni tərbiyə almışıq. Mənim mentalitetim də azərbaycanlılar kimidir. “Bakı”nın makedoniyalı baş məşqçisi Qyoko Hacıyevskiyə əcnəbi demək mümkündür, ancaq “İnter”i çalışdıran həmyerlim Valentin Xodukinlə mənə yox. Bakıya 20 dəfə gəlmişəm. Bu, futbolçu və məşqçi işlədiyim dövrə təsadüf edib.

- Azərbaycanlı həmkarlarınıza nə tövsiyə edərdiniz?
- Bilirsiniz, azərbaycanlı futbol adamlarının bədbəxtçiliyi ondadır ki, onlar kənara çıxmağa qorxurlar. Onlar elə öz mətbəxlərində fırlanırlar. Qorxmaq lazım deyil. Futbolçular, elə məşqçilər də ölkədən kənara çıxmalı, Avropada çalışmalıdırlar. Bilirsiniz, azərbaycanlılar çox oturaq millətdir. Ukraynalılar, gürcülər fırfıra kimi hər yerdə fırlanılarlar. Azərbaycanlılar isə elə evlərində otururlar. Hətta yaxşı futbolçunu Bakıdan Zaqatalaya dartıb aparmaq çətindir. Çünki evinə, ailəsinə, valideynlərinə, istədiyi qıza öyrəşib, onlardan uzaqda qala bilmir. Bu problem yaradan amildir.

- Sizin yaxşı tanıdığınız məşqçi Ağasəlim Mircavadov heç vaxt ölkədən kənarda işləməyib, Şahin Diniyev isə Rusiyaya “Terek”in gənclərdən ibarət komandasına baş məşqçi təyin olundu...
- Mircavadova böyük hörmətim var. Yəqin ki, o, Azərbaycanın ən yaxşı məşqçisidir. Əgər Mircavadov ölkədən kənarda işləmək istəmirsə, bu, onun problemidir. Diniyevin isə “Terek”də işlədiyini bilirəm, onunla zəngləşirəm.

- Sözlərinizdən belə çıxır ki, siz özünüzü burada azərbaycanlı kimi hiss edirsiniz?
- Niyə də yox? Bağışlayın, amma mən artıq 3 ildir burada çalışıram. Özümə o qədər azərbaycanlı dost tapmışam ki... Bu haqda danışmaq artıq olardı. Sadəcə, problemim ondadır ki, yaşım çoxdur. Yoxsa Azərbaycan dilini də öyrənirəm.

- Azərbaycan dilində başa düşürsünüz?
- Müəyyən şeyləri başa düşürəm. Ancaq azərbaycanca danışmaq çətindir.

- Sizə azərbaycanca sual versəm, başa düşərsinizmi?
- Yox. Azərbaycan dilində çox şeyi başa düşmürəm. 40 yaşım olsaydı, öyrənərdim. Amma 60 yaşda çətindir. Açığı, azərbaycanca oxumuram. Çünki pis başa düşürəm.

- Amma Hacıyevski Azərbaycan dilini öyrənir, dilimizdə sərbəst danışmaq istəyir.
- Qoy öyrənsin, o, hələ cavandır. Onun gələcəyi qabaqdır.

- Hər halda, siz də qoca deyilsiniz...
- (gülür) Çox sağ olun.
0