“Simurq” Uruqvaydan futbolçu alır
12.05.2009 - 18:52
“Simurq” Uruqvaydan futbolçu alır
Zaqatalanın “Simurq” klubu Uruqvaydan futbolçu alır. Bu haqda apasport.az saytına komandanın ukraynalı baş məşqçisi Roman Pokora məlumat verib. “Simurq”un çempionatın sonuna bir tur qalmış bürünc medalı təmin etməsi və yeni mövsümdən Avropa Liqası adlanacaq UEFA kubokuna vəsiqə qazanması ilə artıq transfer işlərinə başlanılıb.

Pokoranın sözlərinə görə, “Simurq”a Mixaylo Starostyak, Vladimir Mazyar kimi təcrübəli, avrokuboklarda çoxlu oyun keçirmiş futbolçuların keçidi gözlənilir: “Hesab edirəm ki, transferlərimiz arasında belə oyunçular olacaq. Yüz faiz 3 yeni futbolçu alacağıq. Bunlar Ukrayna, Azərbaycan və Uruqvaydan olacaq. Konkret ad açıqlaya bilmərəm. Çünki yalnız ilkin razılıq əldə olunub və avrokuboklara çıxmaq məsələsini 1-2 gündür həll etmişik. Avrokuboklara düşməsəydik, belə söhbətlər də olmayacaqdı”.

Azərbaycanlı futbolçunun kimliyi daha çox maraq doğursa da, ukraynalı mütəxəssis ad çəkməyib: “Həmin azərbaycanlı yaxşı, təcrübəli futbolçudur. Onu iki ildir komandamda görmək istəyirdim. Sadəcə, indi adını çəkə bilmərəm”.

Pokora bildirib ki, Zaqatala klubunda bütün mövqelər gücləndiriləcək: “Bizə həm orta sahə oyunçusu, həm də hücumçü lazımdır. Elşən Məmmədov aldığı zədə ucbatından uzun müddətə sıradan çıxıb. Mazyar isə zədəli halda oynamalı olur və demək olar, hücumçusuz qalmışıq. Bu iki hücumçu bütün mövsüm boyu oynayıblar. Mazyar tam sağalmasa da, vacib qolları vurmaqda, komandanı arxasınca daşımaqda davam edir. Elə “Qəbələ” ilə görüşdə də qələbə topuna o, imza atdı. Mazyarın da öz problemi var. Hesab edirəm ki, Vladimir da hələ bizə kömək edəcək”.

“Simurq”dan hansısa futbolçuların gedəcəyinin mümkünlüyünə işarə vuran təcrübəli mütəxəssis bunları deyib: “Prinsipcə, hələ heç kim getmək istəmir. Fikrimcə, komandamızı 2-3 futbolçu tərk edə bilər. Çünki elə oyunçularımız var ki, iki ildir komandada ehtiyatda otururlar. Ancaq onlar oynamalı olduqlarından, gedişlərinə imkan yarada bilərik”.

Qeyd edək ki, “Simurq”da indiyə kimi nəinki Uruqvay, ümumiyyətlə, Cənubi Amerikadan futbolçu oynamayıb. Bu vaxta qədər daha çox həmyerlilərinə güvənən Pokora cari mövsümdə Gürcüstandan da futbolçu transfer edib. “Simurq”da Rusiyadan da futbolçular çıxış etsə də, onlar “milliləşərək”, yığmalarımıza cəlb olunan oyunçulardır.
0