Uilyams Bakıya gəlməkdən imtina etdi
13.05.2009 - 14:17
Uilyams Bakıya gəlməkdən imtina etdi
İyunun 6-da dünya çempionatının seçmə oyununda Azərbaycan milli komandasına rəqib olacaq Uels yığması ən perspektivli müdafiəçilərindən birini itirib. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Barnli” klubunda çıxış edən Ris Uilyams Uels milli komandasında oynamaqdan imtina edib.

2005-ci ildə “Midlsbro”nun Avstraliyadan tapıb transfer etdiyi, sonradan milliləşərək Uels yığmasına cəlb olunan Uilyams milli komandanın mayın 29-da Estoniya, iyunun 6-da Azərbaycanla matçlarında oynamayacağını açıqlayıb. “Midlsbro”ya məxsus olub icarə əsasında “Barnli”də oynayan və bu müddətdə Uelsin 21 yaşlılardan ibarət komandasında 10 matç keçirən futbolçu əsas yığmada debüt etməmiş Avstraliyaya üstünlük verib: “Uelsi çox sevirəm. Amma mən avstraliyalıyam və ailəm də öz yığmamızda oynamağımız istəyir. Yəqin ki, bu seçmə mərhələdə milliyə dəvət almaram. Lakin növbəti tsikldə Avstraliya yığmasında debüt edərəm”.

Uels Futbol Assosiasiyası da Uilyamsın yığmasını dəyişdiyini təsdiqləyib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, Risin Avstraliya yığmasında oynamağı üçün FİFA bu dəyişikliyi rəsmiləşdirməlidir: “Bu isə Uilyamsın Uels yığçasındakı karyerasının bitməsi deməkdir”.
0