“Xəzər-Lənkəran” Kamerun yığmasının futbolçusunu niyə almadı?
13.05.2009 - 14:32
“Xəzər-Lənkəran” Kamerun yığmasının futbolçusunu niyə almadı?
“Əhməd Dursun dayandığı yerdə zədələndi və müayinədən sonra məlum oldu ki, qabırğası sındığından türkiyəli üçün mövsümü bitib. Hücumçu hələ mövsümlərarası fasilənin də bir hissəsini kənarda qala bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib.

Azərbaycan Premyer liqasının sonuncu turu ərəfəsində heyətdə olan itkilərdən narahat olan 49 yaşlı mütəxəssis zədələrin uğursuzluqlardakı ümumi rolundan gileylənib: “Əzələsi qırılan Juninyo artıq məşqlərə başlasa da, onun tam gücü ilə hazırlaşmasından söhbət belə gedə bilməz. Ümumiyyətlə, ikinci dövrədə zədələrlə bağlı məyusluqlar yaşadıq. Ən vacib anda Rəşad Abdullayevi itirdik ki, o indi-indi formasını bərpa edir. Sonra Kamran Ağayev sıradan çıxdı. İndi – avrokuboklarda çıxışımızla bağlı suala aydınlıq gələcəyi bir vaxtda da Əhmədlə Juninyo zədələndi. Özü də hər ikisi indi əla formada idi. Türkiyəli elə komandaya yeni uyğunlaşıb qol vurmağa başlamışdı ki, zədələndi. Bir sözlə bəxtsizlik bizə imkan vermir”.

Ponomaryov hələ yeni mövsüm ərəfəsində komandada baş verəcək dəyişikliklər haqda danışmağın tez olduğunu düşünür: “Klub rəhbərliyi ilə görüşüb gələcək perspektiv haqda söhbət edəcəyəm. Hələlik isə kimi heyətdən kənarlaşdıracağımı müəyyənləşdirməmişəm. Yəqin ki, belə futbolçular çox olmayacaq. Bizim taktiki sxemə uyğun gəlmədiklərindən özünə yeni klub axtaranların da getməyinə mane olmayacağıq. Transferlərimizə gəlincə, gücləndirilməli mövqelərimizə hökmən oyunçu gətirəcəyik. Bir müddət əvvəl heyətimizə qatmaq istədiyimiz Kamerun gənclər yığmasının oyunçusundan isə imtina etdik. Bizim maraqlandığımız Berlin soyadlı bu futbolçu fiziki cəhətdən diqqət çəksə də, bu ideyadan vaz keçdik. Düşünürəm ki, o bizə uyğun gəlmirdi”.

Mənbə: extratime.az
0