Azərbaycan - İspaniya matçı ilə bağlı UEFA-ya rəsmi müraciət edildi
13.05.2009 - 14:54
Azərbaycan - İspaniya matçı ilə bağlı UEFA-ya rəsmi müraciət edildi
AFFA Azərbaycan - İspaniya matçı ilə bağlı UEFA-ya rəsmi müraciət edib. Bu haqda apasport.az saytına assosiasiyanın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. O bildirib ki, iyunun 9-da Tofiq Bəhramov adına stadionda baş tutacaq yoldaşlıq görüşünə hakimlərin qitə futbol qurumu tərəfindən göndərilməsini məqsədəuyğun sayırlar: “Qoy, bu oyunun hakimlərini UEFA təyin etsin. Əgər qitə futbol qurumu bunu bizim öhdəçiliyimizə buraxsa, onda qərarımızı verərik. Biz bu görüşə böyük futbol ölkələrindən hakimlər gətirməyi düşünürük. Bu, Rusiya, yaxud Türkiyə ola bilər. Məsələyə yaxın günlərdə aydınlıq gələcək”.

Milli komandamız İspaniya ilə oyunadək - iyunun 2-də Kayseri şəhərində Türkiyə yığması ilə yoldaşlıq görüşü keçirəcək. Həmin matça hakimlərin türkiyəlilərin müəyyənləşdirəcəyini deyən Məmmədov seçim ediləndən sonra AFFA-ya rəsmi məlumat veriləcəyini bildirib.

Xatırladaq ki, AFFA milli komandamızın Albaniya ilə ötən ilin noyabrında Tofiq Bəhramov adına stadionda keçirdiyi yoldaşlıq görüşünü (1:1) idarə etmək üçün Gürcüstandan hakimlər dəvət etmişdi. Ancaq FİFA hakimi Laşa Silaqava öz işinin öhdəsindən lazımınca gəlməyərək, qalmaqala səbəbkar olmuşdu. Belə ki, onun idarəçiliyindən narazı qalan albanlar ikinci hissədə meydana çıxmaq istəmədiyi üçün oyun bir neçə dəqiqə yubanmışdı.
0