Ukraynanın 3 şəhəri Avropa çempionatını qəbul etməyə hazır deyil
13.05.2009 - 15:39
Ukraynanın 3 şəhəri Avropa çempionatını qəbul etməyə hazır deyil
2012-ci il Avropa çempionatının final mərhələsini Polşa ilə birgə keçirəcək Ukrayna problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, bu ölkənin üç şəhəri – Lvov, Donetsk və Xarkov belə məsul turnirlər üçün hazır sayılmayıb. UEFA final mərhələsinin keçiriləcəyi Ukraynanın dörd şəhərindən yalnız paytaxt Kiyevi rəsmən bəyənib. Qalan üç şəhərə isə bu ilin noyabrına kimi vaxt verilib.

Əvəzində qitə futbol qurumu Polşanın hər dörd şəhərini – Varşava, Poznan, Vrotslav və Qdanskı rəsmən bəyənib. UEFA prezidenti Mişel Platini bəyan edib ki, Ukraynanın əvvəlki kimi infrastrukturla bağlı xeyli çətinliyi var. Onun sözlərinə görə, nəqliyyat və mehmanxanalarla bağlı məsələlər noyabrın 30-a kimi həll olunmalıdır. Platini həmçinin bildirib ki, Kiyev final mərhələsində yalnız yarımfinala qədər oyunları keçirməyə hazırdır. Əgər mövcud olan çətinliklər aradan qalxmasa, onda Avro-2012-nin final oyunu Kiyevdən Varşavaya keçiriləcək.

Ukrayna Odessa və Dnepropetrovsk şəhərlərinin namizədliyini də irəli sürsə də, UEFA bunu qəbul etməyib. Hər ölkədən altı şəhərdən dördünü seçən Polşada Krakovla Xojuvdan imtina edib.
0