“İnter” kimi, “Qarabağ” da final matçına əcnəbi hakim istəsəydi...”
13.05.2009 - 23:00
“İnter” kimi, “Qarabağ” da final matçına əcnəbi hakim istəsəydi...”
Bakının “İnter” və Ağdamın “Qarabağ” klubları arasında Azərbaycan kuboku uğrunda final oyununu yerli hakimlər idarə edəcək. Bu barədə apasport.az saytına AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, mayın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça əcnəbi hakimlər dəvət olunmayacaq.

Həlledici oyuna əcnəbi hakimləri istəyən “İnter” bununla bağlı rəsmi müraciətinə cavab gözləyirdi. Ancaq Məmmədov cari mövsümü sona kimi öz hakimlərimizə etibar olunacağını bildirib: “Hesab edirəm ki, cari mövsümdə hakimlikdə qənaətbəxş oldu. Xüsusilə, mövsümün sonunda hakimliklə bağlı ciddi problem olmadı. Hakim səhvləri olsa da, bunlar bilərəkdən edilməmişdi. Buna görə də ölkə kubokunun final oyununa əcnəbi hakim gətirməyə ehtiyac görmürük. Lap əcnəbi hakimə hər iki komanda, yəni “Qarabağ” da razı olsaydı, buna lüzum görmədiyimizdən reallaşdırmazdıq. Bu məsələdə klublar yox, biz qərar çıxarırıq”.

Qeyd edək ki, “İnter” ardıcıl ikinci mövsüm ölkə kubokunun finalında oynayacaq. Komandanın ötən il Respublika stadionunda “Xəzər-Lənkəran”la həlledici görüşünü (0:2) əcnəbilər – Manuel Qrafenin başçılıq etdiyi almaniyalı hakimlər briqadası idarə etmişdi.
0