“Azərbaycan millisi bu gün bizdən üstün idi”
13.05.2009 - 17:40
“Azərbaycan millisi bu gün bizdən üstün idi”
“Makedoniya millisi həqiqətən güclü komandadır. Böyük hesablı qələbəyə baxmayaraq, bizim üçün oyun çox çətin oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın qadınlardan ibarət milli komandasının baş məşqçisi Şamil Heydərov deyib.

UEFA-nın Gürcüstanda təşkil etdiyi beynəlxalq turnirin ikinci turunda Makedoniyaya 4:0 hesabı ilə qalib gələn yığmamızın çalışdırıcısı hələ də Türkiyə ilə ilk qarşılaşmadakı minimal hesablı məğlubiyyəti unutmayıb: “Komanda artıq buradakı iqlimə uyğunlaşıb. Makedoniya ilə bugünkü matçda komandamız böyük əzmkarlıq nümayiş etdirdi. Birinci oyunda da rəqibdən üstün oynamışdıq. Amma bəxtsizlik qələbə qazanmağımıza imkan verməmişdi. Qələbə münasibəti ilə bütün komandanı təbrik edirəm”.

Makedoniya millisinin baş məşqçisi Dobrislav Dimovski isə yetirmələrinin zəif olduğunu bildirib: “Azərbaycan millisi bu gün bizdən üstün futbol nümayiş etdirdi. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Komanda olaraq istədiyimiz oyunu nümayiş etdirə bilmədik. Hələ də millimiz tam hazır deyil. Növbəti oyundan qələbə ilə ayrılıb rəqiblərimizin xal itirməsini gözləyəcəyik”.
0