“Buna Cahangir Hacıyev cavab versəydi, daha yaxşı olardı”
13.05.2009 - 23:12
“Buna Cahangir Hacıyev cavab versəydi, daha yaxşı olardı”
Bakının “İnter” klubunun prezidenti Georgi Nikolovun apasport.az saytına müsahibəsi

- “Qarabağ”la mayın 23-də keçiriləcək final oyununa əcnəbi hakimlərin dəvət edilməsi ilə bağlı müraciətinizə rəsmi cavab almısınızmı?
- Xeyr, baxaq görək necə olacaq. Yəqin ki, hər hansı cavab olacaq.

- AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun bununla bağlı fikrini öyrəndik. O, birmənalı şəkildə dedi ki, final görüşünü yerli hakimlər idarə edəcək...
- Olsun. Biz nə edə bilərik? Heç bir reaksiya verə bilmərik. Biz bununla barışacağıq. Qoy yerli hakim olsun.

- Nəyə görə əcnəbi hakim istəyirdiniz?
- Qısaca belə deyim - hamı sakit olsun.

- Məgər yerli hakim olanda hamı sakit olmur?
- Yox.

- Niyə?
- Demirəm ki, kimsə qərəzli hakimlik edəcək. Amma belə oyunlarda həddən artıq gərginlik olur. Bu, oyunda öz əksini göstərir və hakimlər heç də həmişə düzgün qərarlar çıxarmaya bilərlər. Ancaq bütün bunlar əcnəbi hakimlərin vecinə deyil. Onlar gəlib, hakimliyini edib, gedirlər. Hətta idarə etdiyi komandaların adlarını xatırlamırlar.

- Cari mövsümdə “İnter”in hakimliklə bağlı ciddi problemi olub?
- Yox. Deməzdim ki, hakimliklə bağlı ciddi problemimiz olub. Bunu heç vaxt deməmişəm. Əlbəttə ki, bəzi səhv qərarlar olub. Ancaq prinsipcə, onlar çempionatımızdakı çıxışımıza elə də təsir etməyib.

- Belə çıxır ki, yenə oyunumuza yerli hakim təyin edilsə, bunda qorxulu heç nə yoxdur?
- Doğrudur. Hakimlər Komitəsi belə qərar çıxarıbsa, qoy belə də olsun. Ümid edirəm ki, onlar işlərinin öhdəsindən gələcəklər. Və sonradan onları hər iki tərəfdən qınamağa əsas olmayacaq.

- Bildiyimizə görə, əcnəbi hakimlərlə bağlı bütün xərcləri üzərinizə götürmüşdünüz...
- Bunda problem yox idi. Onların səfərlə bağlı xərcləri ödəyəcəkdik.

- Yəni, dünyadakı maliyyə böhranına baxmayaraq, “İnter” artıq xərcə düşməyə hazır imiş...
- Bəli, hazır idik. Mən bu məsələni sponsorumuzla müzakirə etmişdim. Onlar da istəyini açıqlayaraq, mənə müsbət cavab verdilər. Yəni əcnəbi hakimlərin səfərinin gerçəkləşməsi ilə bağlı əlavə maliyyə vəsaiti buraxacaqdılar. Ancaq bütün bunlar artıq keçmişdə qalıb.

- Əgər sirr deyilsə, əcnəbi hakimlərin gətirilməsi sizə neçəyə başa gələcəkdi?
- Bildiyimə görə, belə ödənişlər təxminən 7-8 min avro təşkil edir. Bu ümumi xərc hakimlərin səviyyəsindən asılı olaraq dəyişir.

- Hakimlərin və ölkələrin səviyyəsi fərqlidir. Siz üç ölkədən – Almaniya, Çexiya və Avstriyadan hakimin gəlməsini istəyirdiniz. Niyə məhz bu ölkələr?
- Mənim şəxsi fikrim belədir ki, ötən mövsüm almaniyalı hakimlərlə bağlı eksperiment çox uğurlu alındı. Bilmirəm, mənimlə razısınız, ya yox, ancaq Almaniyadan gələn hakimlər özlərini ən yaxşı tərəfdən göstərdilər. Buna görə də bütün komandaların onlarla bağlı heç bir şübhəsi qalmadı. Yadınızdadırsa, ötən mövsüm bir oyuna avstriyalı hakim gəlmişdi və yaxşı idarəçilik etdi. Bildiyimə görə, Çexiyanın yaxşı hakimlik məktəbi var. Bu ölkənin hakimlərinin həmkarları arasında böyük nüfuzu var. Buna görə də onları göstərdik və keçilən yola üstünlük verdik.

- Artıq mövsüm sona çatır. Yaxşı olardı ki, mövsümü major notda bitirəsiniz, çempion olasınız. Ancaq artıq hər şey öz əlinizdə deyil...
- Daha heç nə bizdən asılı deyil.

- Mövsümdən razı qaldınızmı?
- Heç bilmirəm, buna necə cavab verim. Siz konkret nəyi nəzərdə tutursunuz?

- Çempionatı gümüş medalçı və kubokun sahibi kimi başa vursanız, bundan razı qalacaqsınız? Bəs kuboku almasanız, onda necə?
- Əgər kuboku qazanmasaq, buna çox məyus olacağıq. Bunu sizə açıq deyirəm. Ancaq fikrimcə, heç olmasa bu mükafatı qazanmağa gücümüz var. İstərdim ki, futbolçularımız bizi məyus etməsin.

- İdman nöqteyi-nəzərdən “Qarabağ”dan çempionatdakı qisası almağı düşünürsünüzmü?
- Yox, yox. Mən qisasçı, kinli adam deyiləm. Bu, idman mübarizəsidir və meydana iki komanda, 22 futbolçu, məşqçilər və hakimlər çıxır.

- Komandanızın ukraynalı baş məşqçisi Valentin Xodukin titulu qoruya bilməyəcəyi ilə artıq barışıb. Belə çıxır ki, siz də “Bakı”nın çempionluğu əldən verməyəcəyini qəbul edirsiniz?
- Bilirsiniz, hələ də ümidimiz qalıb. Ancaq düşünmürəm ki, təkcə bu yox, indiyə kimi bütün çempionatların ən güclü komandası olan “Bakı” belə imkanı əldən buraxsın. Yəni ardıcıl iki il xoşbəxtçilik olmur.

- Ötən mövsümün son turunda “Olimpik” “Qarabağ”ı yenməklə, çempion olmağınıza şans yaratdı. Bu dəfə möcüzənin baş verəcəyinə inanmırsınız?
- Hesab edirəm ki, “Bakı”nın son turda rəqibi olan “Muğan” özünü ən yaxşı tərəfdən göstərəcək. Ancaq nəzərə alsaq ki, artıq hər şey bizdən yox, onlardan asılıdır, digər məqsədlərə konsentrasiya olunmalıyıq.

- Birinci divizionda qalmaq üçün qələbə qazanması vacib olan “Bakılı”nın taleyi sizdən asılıdır. Təbii ki, “İnter” autsayderə uduzmaz...
- Həqiqətən də “Bakılı”nın taleyi bizdən asılıdır. Ancaq inanıram ki, bu komandaya uduzmayacağıq.

- Yəqin ki, Xodukinin “İnter”dəki gələcək taleyini mövsüm bitəndən sonra müzakirə edəcəksiniz.
- Əgər hansısa uğursuzluq varsa, bu, yalnız baş məşqçinin səhvi deyil. Bunlar prezidentə qədər klubun bütün işçilərinin səhvləridir. Gərək uğursuzluğun, məğlubiyyətin səbəbini axtaraq. Onu deyim ki, şəxsən mən Xodukindən razıyam. O, yaxşı, ağıllı, fərasətli, bacarıqlı məşqçidir. Böyük təcrübəsi var. Biz artıq üç ildir onunla əməkdaşlıq edirik, ona bel bağlamışıq. Bu əməkdaşlıq öz nəticəsini verir. Statistikaya baxsaq, bu çempionatda yalnız bir dəfə uduzduq.

- Eyni zamanda “Bakı”ya həmin yeganə məğlubiyyət həlledici oldu və sonda çempionluğun taleyi həll olundu...
- Təəssüf ki, bu, belə alındı. Deməzdim ki, məhz “Bakı”ya məğlubiyyət həlledici oldu. Ən həlledici səhvlər ardıcıl üç turda heç-heçə etməyimiz oldu. Bu, bizə çempionluq bahasına başa gəldi və bizi praktiki olaraq sakitcə qızıl medallar qazanmaq imkanından məhrum etdi.

- Bildiyimizə görə, baş məşqçinin gələcək taleyi yalnız sidən, klubunuzun Direktorlar Şurasının çıxardığı qərardan asılıdır. Yəni, qərar birgə müzakirənin nəticəsində qəbul olunur?
- Mən də Direktorlar Şurasının üzvüyəm və müzakirələrdə iştirak edirəm. Hazırkı vəziyyətdə fikrim belədir ki, məşqçilərə və futbolçulara mövsümü sakit tərzdə başa vurmağa imkan vermək lazımdır. İndi baş məşqçini dəyişib-dəyişməmək, birini qovub, digərini qəbul etmək haqda danışmaq psixoloji planda bizimkilərə təsir edir.

- Maraqlıdır, himayədarınız Cahangir Hacıyev klubun cari mövsümdə çıxışınızdan necə razı qalıb?
- Bu suala o cavab versəydi, daha yaxşı olardı. Bilirəm ki, o, komandaya görə çox həyəcan keçirir, azarkeşlik edir. Uğursuzluq olanda üzülür, yaxşı çıxışımız olanda sevinir. Fikrimcə, çempionluğu uduzsaq, Hacıyev o qədər də sevincli olmayacaq.

- Yeni transferlər, komandanızla olan dəyişiklərlə bağlı məsələyə mövsüm bitəndən sonra baxacaqsınız?
- İndi buna baxmaq olmaz. Başa düşürsünüz, indi bizə bir az sakitlik lazımdır. Əlbəttə ki, hansısa dəyişikliklər olacaq. Ancaq bu, köklü olmayacaq. Çünki komandanın yaxşı özəyi var və “oturulmuş heyət” meydanda yaxşı anlaşır. Onu indidən deyə bilərəm ki, avrokuboklarda iştirakımız zamanı bir neçə təcrübəli futbolçu götürəcəyik. Komandamızın gücləndirməsini istəyirik. Ancaq futbolçuların sayı 2-3-dən çox olmayacaq.

- Bunlar yerli, yoxsa əcnəbi futbolçular olacaq?
- Mən artıq bu mövqedə dayanıram ki, komandamızda balansı dəyişmək vaxtı çatıb. Xodukin də məni dəstəkləyir. Yəni, daha çox yerli futbolçulara güvənməliyik. Çünki hər zaman hər yerdə əcnəbilərə bel bağlamaq da düzgün olmazdı. Yəqin ki, heyətdə hansısa balans olacaq. Ümid edirəm ki, siz yeni mövsümdə “İnter”in heyətində daha çox yerli futbolçu görəcəksiniz.

- Qış fasiləsində saxlamadığınız Mahmud Qurbanov “Bakı”ya keçdi və 10-cu çempionluğunun bir addımlığındadır. Belə ayağı düşərli, bəxtli, komandaya uğur gətirən futbolçunu əldən buraxdığınıza görə indi heyfsilənmirsiniz ki?
- Həqiqətən də Mahmud necə deyərlər, xoşbəxtlik rəmzi, talisman idi. Ancaq o, artıq “Bakı”nın futbolçusudur və heç nə danışmaq lazım deyil.
0