Branimir Subaşiçi Çində “gözümçıxdıya” salıblar
14.05.2009 - 10:58
Branimir Subaşiçi Çində “gözümçıxdıya” salıblar
Çin mətbuatı Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiçi yenə tənqid atəşinə tutub. Apasport.az saytının məlumatına görə, son turda “Pekin”lə oyunda biabırçı məğlubiyyətdən (2:6) sonra “Çanqçun Yatay” klubunda çıxış edən 27 yaşlı hücumçumuzun qol vura bilməməsi bu dəfə də müzakirə mövzusuna çevrilib.

Çempionatın 8 matçından 7-də start heyətində meydana çıxan, lakin qol hesabını aça bilməyən Subaşiçi bu tənqidlərdən baş məşqçisi Li Şubin müdafiə edib. O, Branimirin əsas vəzifəsinin öhdəsindən gəldiyini düşünür: “Komandamızın oyununda Subaşiçin rolu aşkar görünür. Onun kifayət qədər potensialı var və bundan komanda üçün istifadə edir. Əslində Branimirin müəyyən vəzifələri var və o, komandamız üçün çalışır”.

Qeyd edək ki, Çin çempionatının 8 turundan sonra hesabında 14 xal olan “Çanqçun Yatay” 4-cü pillədə qərarlaşıb.
0