Məşqçimiz 8 min dollara diplom alır
14.05.2009 - 14:43
Məşqçimiz 8 min dollara diplom alır
“Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov Ukraynaya səfərə hazırlaşır. Bu haqda apasport.az saytına məlumat verən 44 yaşlı mütəxəssis bildirib ki, məşqçilikdə ən yüksək dərəcə sayılan “Pro”ya sahib olmaq üçün Kiyevə təhsil almağa yollanır.

Bununla, Hüseynov bu dərəcəni alan ilk azərbaycanlı məşqçi kimi tarixə düşəcək: “Həmişə demişəm ki, oxumaq lazımdır. İstəmişəm ki, hansısa güclü məşqçidən yeni nəsə öyrənəm. Futbolda bilmədiyimiz o qədər yeni şeylər çıxıb ki... Oxuyub, bunları öyrənmək istəyirəm”.

Məşqçi bildirib ki, “Pro” kateqoriyasını almağı çoxdan arzulayırmış: “A kateqoriyasını bitirəndən sonra “Pro”nu oxumaq çoxdankı arzum idi. Bildiyiniz kimi, A kateqoriyasının vaxtı bu ilin oktyabrda qurtarır. Həmin vaxt yenidən imtahan verib, bunu daha 4 il müddətinə yeniləşdirmək lazımdır. Fikirləşdim ki, əgər imtahan verəcəyəmsə, “Pro”nu oxusam daha yaxşı olar”.

Hüseynov bu dərəcə üçün xərclədiyi məbləği də açıqlayıb. Onun sözlərinə görə, pulu “Karvan” yox, öz cibindən ödəyib: “Bu diplom üçün 8 min dollar ödəmişəm. Bunu birdəfəlik ödəmək lazım gəldiyindən, belə də etdim”.

Qeyd edək ki, Hüseynov “Karvan”ın sükanı arxasında ilk iki mövsümdə (2004/05 və 2005/06) müvafiq olaraq, bürünc və gümüş medal qazanıb. Kiyevə iyunun 8-də yollanacaq məşqçi bir həftə sonra vətənə dönəcək. Hüseynov təhsili ilə əlaqədar bu ilin dekabrına kimi 5-6 dəfə Ukrayna paytaxtına gedəcək.
0