“Kaş “peredok” dağılaydı, amma...”
16.05.2009 - 00:47
“Kaş “peredok” dağılaydı, amma...”
"Bakı" klubunun vitse-prezidenti Zeynal Məmmədovun müsahibəsi

- Neçə uşağınız var?
- Çox uşağım yoxdur ki, onları bir-birindən fərqləndirim. Xəyyamın 12, Xəyalın 9 yaşı var. Hərdən yola getmirlər, mən də düşürəm Xəyyamın üstünə. Başa salıram ki, sən ondan böyüksən, incitmə.

- İdmana həvəsləri var?
- Xəyal futbolun fanatıdır. Hansı ölkəyə gedirəmsə, mütləq ordan bir idman forması gətirməliyəm. Sizi inandırım ki, gecəsi-gündüzü futboldur, ondan başqa söhbəti yoxdur.

- Hansı klubun azarkeşidir?
- Xoşuna gələn komandalar çoxdur. Türkiyədə "Qalatasaray", İspaniyada "Barselona", İngiltərədə "Mançester Yunayted", "Çelsi" və "Liverpul"a azarkeşlik edir. Özüm də məəttəl qalıram ki, yaşının az olmasına baxmayaraq, futbolla bu qədər maraqlanır. Mənim futbol klubunda işləməyimin buna aidiyyatı yoxdur.

- Futbol oynamaq istəsələr, onlara nə məsləhət verərdiniz?
- İşlərinə qarışmaram. İxtisas seçməyi özlərinə buraxmışam. Futbolçu olmalarını çox istəyərdim. Xəyyam "Sabahın ulduzları"nda oynamalı idi. Adını da aşağı yaş qrupları üzrə komandanın iştirak ərizəsinə salmışdıq. Orta məktəblə əlaqədar, oynaya bilmədi. Gələn ili gözləyirəm, Xəyalın adını "Bakı"nın 2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandasına yazdıracağam.

- "Bakı"da oynayan bütün futbolçuları tanıyır?
- Hamısının adına, yaşına, çəkisinə kimi bilir. Azərbaycanın hansı klubundan kimi desən, tanıyır. Millinin bir oyununu da qaçırmır. Futbolçuların nömrələrini çox vaxt mən ondan soruşuram. "Barselona"da ehtiyatda qalan oyunçuların adlarını da əzbərləyib.

- Tez-tez xarici ölkələrə yolunuz düşür. Xəyalı da özünüzlə aparırsız?
- Həmişə də olmasa, düşəndə, aparıram. Sloveniya və Türkiyəyə gedib. Evdə dillərindən futboldan başqa bir söz eşitməmişəm. Qəribədir, vallah. Deyirəm, uşaqda futbola bu qədər sevgi hardandır, özüm də təəccüblənirəm. İşdəyəm, bir də gördün, zəng elədi ki, ata, yeni gələn futbolçular hansı nömrələri götürüblər. Bir-bir soruşur.

- Dərslərini necə oxuyurlar?
- Nə yaxşı, nə pis. Xəyala müəllim də tutmuşam. İndi uşaqdır, fikirləşirəm ki, gələcəkdə yaxşı olar.

- Onlara istədikləri qədər vaxt ayıra bilirsiz?
- Yalan niyə deyim, yox. İşimlə alınmır.

- Gəzməyə də aparmırsız?
- Hərdən olur.

- Hara getməyi xoşlayırlar?
- Keçən il komanda Antalyaya gedəndə ikisi də mənimlə idi. Yayda ya iki həftəlik Türkiyəyə aparıram, ya da hansısa Avropa ölkəsinə. İstəyirəm, ikisi də gözüaçıq böyüsün, dünyagörüşləri olsun.

- Sizi çox vaxt stadionlarda və klubun ofisində görürük. Maraq dairənizdə olan başqa sahə yoxdur?
- Futbol başımı elə qatıb ki... Başqa hobbim nə ola bilər, futbol. Mətbuatı diqqətlə izləyirəm, televiziyada maraqlı verilişləri gözdən qaçırmıram. Pop musiqisini dinləyəndə dincəlirəm. Yaxşı muğamlara da qulaq asıram. Xalq mahnıları da mənə zövq verir.

- Toyda iştirak edəndə hansı mahnını sifariş verirsiz?
- Bir dəfə də belə şey olmayıb. İstəməmişəm.

- Deyəsən, oynamaqla aranız yoxdur...
- Uşaqlıqdan utancaq olmuşam. Toya gedəndə də sıxılmışam, oynamamışam. Bu da bir vərdişdir.

- Heç şirinlik də istəməyiblər?
- Şirinlik olub. 1 manat da olub, 10 manat da, 100 manat da.

- Hafiz Məmmədov sizin üçün təkcə qardaşdır?
- Qardaşdan savayı, həm də dostdur. Dost kimi daha yaxınıq. Qardaşım olduğu üçün demirəm, o, hamıya eyni gözlə baxır. Fərq qoymur ki, bu qohumdur, qardaşdır və ya filankəsdir.

- Atanız Məcid Məmmədov yaxşı həkim olub, Naxçıvanda böyük hörmət qazanıb. Maraqlıdır, nəsildə onun yolunu davam etdirənlər var?
- Bu söhbət bizim aramızda çox olub. 2 qardaşım və 1 bacım var. Ailədə rəhmətlik kişinin sənətini davam etdirən olmasa da, bacım qızı babasının yolu ilə gedir. Atamızdan qalan tibbə aid nə varsa, vermişik ona. Şəxsən mənim xəstəxanadan xoşum gəlmir. Oradakı iy ki var, ürəyimi bulandırır. Düzü, atam da istəmirdi ki, biz həkim olaq. Çəkdiyi əzab-əziyyəti, narahatçılığı görürdük. Hərbi həkim olduğu üçün gecəsi-gündüzü yox idi. Bir də görürdün ki, gecə saat 3-də çağırış gəldi, durub hadisə yerinə yollanırdı.

- Üç oğuldan daha çox hansı atasına çəkib?
- Böyük qardaşım Mübariz ona oxşamayıb. Yaxınların bir qismi deyir ki, Hafiz müəllim rəhmətlik kişiyə çəkib. Məni də deyirlər.

- Belə bir deyim var: yaxşı oğul dayısına oxşayar. Bu fikirlə razısız?
- Nə deyim, ola bilər.

- Bir neçə il əvvəl avtomobil qəzasına uğramışdınız. Həmin hadisə hansı şəraitdə baş verib?
- Bu olub 1999-cu ilin martın 24-də. Çox ağır "avariya"yaydı. Yaxın qohumum Farizlə bir yerdə. Dostumuzun atasının ili idi, yas yerində olmaq üçün Qazaxa getmişdik. Gələndə Ələt-Gəncə yolunda maşın aşdı. Yollar onda pis gündə idi, "qarmoşka"ya düşdük. "Mersedes-220"ni Fariz sürürdü, özü də çox sürətlə gəlirdik. Çuxura düşməmək üçün sükanı fırlatdı ki, maşın da sürüşdü. Kaş onda "peredok" dağılaydı, amma elə olmayaydı. Fariz əyləci axıracan sıxsa da, "Mersedes" daşlığa sürüşdü. Təkərlər fırlandı, maşın dönmədi. İndiki kimi yadımdadır, sürət o qədər böyük idi ki, yoldan təxminən 80-100 metr kənara düşdü. Maşın 15-20 dəfə aşdı. Anamız namaz üstündə olub, bizə birinci köməyi Mahir adlı gəncəli oğlan edib. Allah ona can sağlığı versin, o yaxşılığı heç vaxt unutmaram. Mahir deyirdi ki, mən bu səhnəni yalnız Amerika kinolarında görmüşəm. Hadisə olanda onlar 500 metr kənarda idilər. Mahir deyir, bir də gördüm, toz-duman ətrafı bürüyüb, maşın isə aşa-aşa gedir. İki həftə "Semoşka"da yatdım, Fariz isə xeyli müddət koma vəziyyətdə qaldı. Ona çox zərbə dəymişdi. Özüm isə hələ də bədənimdəki ağrıları hiss edirəm.

- Adətən belə hadisələr insanın sonrakı həyatını dəyişdirir.
- Elədir. İndi də maşına əyləşəndə o hadisəni yadıma salıram. Yanımdakı şəxs sürəti artıranda həyacan keçirirəm. O xofa görə özüm də maşını yavaş sürürəm. Çox vaxt avtomobili dostum Zəka sürür. Uşaqlıqdan bir-birimizi tanıdığımız üçün ona "Qaqaş" deyirəm. "Qaqaş"a tez-tez tapşırıram ki, sürəti artırma. Hətta yavaş gedəndə də mənə elə gəlir ki, sürət artıb. Mən həmişə Allaha inanmışam. Mirmövsüm Ağanın ziyarətinə tez-tez gedirik. Həyat bizim üçün bir imtahandır, gərək yaxşılıq edəsən. İmkanın varsa, kasıblara, əlacsız insanlara kömək eləməlisən. Həyatın mənası budur.

- Evin sonbeşiyi olmusuz?
- Bəli. Evdə sonbeşik olduğumu həmişə hiss eləmişəm. Bacım məndən 8 yaş böyükdür. Hafiz müəllimlə isə aramızda 5 yaş fərq var. Onların əli həmişə başımın üstündə olub. Bilmişəm ki, yanımda qardaşlarım dayanıb. Orta məktəbdə oxuyanda dərslərimlə yaxından maraqlanırdılar. Hə vaxt çətinliyə düşmüşəm, bir problem olub, köməklərini görmüşəm. Arxamda dağ kimi dayanıblar.

- Xasiyyətinizdə nəyisə dəyişməyi istərdiniz?
- Hə, əsəbiliyimi. Zahirən sakit insanam. Çox vaxt hər şeyi ürəyimə salıram. O da mənə ziyandır. Ürəyimdə öz-özümə hirslənəndə isə əsəblərim yerindən oyanır. Qəzadan sonra bunu görürəm. Əsasən, işdə əsəbiləşirəm. Ya futbolçulara, ya da işçilərə. Tələsdiyim vaxtlar da olub. Mən üzr istəməyi bacarıram. Kiməsə acığımı tökürəmsə, sonra ürəyini alıram. Bəzən özümdən asılı olmur.
0