“Simurq”: Avropa Liqası üçün üç mərhələ
06.06.2009 - 10:23
“Simurq”: Avropa Liqası üçün üç mərhələ
Yeni mövsümün hazırlıqlarına hamıdan əvvəl başlayacaq “Simurq” sabah bir araya gəlir. Apasport.az saytının məlumatına görə, komandanın Avropa Liqasındakı debütə layiqincə hazırlaşması üçün baş məşqçi Roman Pokora bu gün iş başına qayıdır.

Qısa müddətli məzuniyyətini vətəni Ukraynada keçirən mütəxəssis futbolçularını üç mərhələdə hazırlaşdıracaq. Sabah Zaqatalada bir araya gəlib bir həftəyə yaxın fiziki hazırlıq üzərində işlədikdən sonra “Simurq” ölkə xaricinə yollanacaq. Son mövsümün bürünc mükafatçısı son fasilə dövrlərində olduğu kimi yenə təlim-məşq toplanışını keçirmək üçün Gürcüstana yollanacaq. Qonşu ölkədə iki həftə qalacaq zaqatalalıların Avropa Liqasına hazırlığının üçüncü mərhələsi Bakıda baş tutacaq. "Simurq" iyunun 25 və ya 26-da paytaxta gələcək.

Qeyd edək ki, hazırda yığmanın düşərgəsində olan Tural Cəlilovla Rauf Mehdiyev, həmçinin, zədəsinin müalicəsi üçün rəhbərlikdən bir neçə günlük icazə alan Sergey Sokolov düşərgəyə bir qədər gec - iyunun 10-dan sonra qoşulacaqlar.
0