David Vilya: Bakıda üç qol vurduğum üçün xoşbəxtəm, amma...
10.06.2009 - 12:20
David Vilya: Bakıda üç qol vurduğum üçün xoşbəxtəm, amma...
“Azərbaycana vurduğum üç qola şad olsam da, məni daha çox yığmamızın durumu sevindirir. Belə vəziyyətdə Konfederasiyalar Kubokunu qazana bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya milli komandasının futbolçusu David Vilya deyib.

Yığmamızla görüşün ilk hissəsində “het-trik” edən və fasilədə əvəzlənən 28 yaşlı hücumçu qarşılaşma bitən kimi ispan jurnalistlərə müsahibə verib. Millidəki qollarının sayını 28-ə çatdırmaqla, yığmanın üçüncü bombardirinə çevrilən Vilya bütün bunların xoş, amma vacib olmadığını bildirib: “Bakıdakı oyunda üç qol vurdum. Özü də bunu bir neçə dəqiqənin içində rəsmiləşdirdim. Buna görə çox xoşbəxtəm. Lakin ən əsası odur ki, bütün bunlar Konfederasiyalar Kuboku kimi vacib turnir ərəfəsində baş verib. İstənilən futbolçu mümkün qədər çox qol vurmaq istəyir. Mən isə artıq Butragenyo və Moryentes kimi əfsanələri də arxada qoydum. Belə oyunçulardan öndə olmaq mənim üçün böyük əhəmiyyət kəsb edir. İndi birinci olacağım günü gözləyirəm. Bu nə qədər vacib olsa belə, birinci planda durmur. Əslində, bu haqda yalnız arabir – jurnalistlər hər dəfə yeni rekord müəyyənləşdirdiyimi deyəndən deyənə düşünürəm. Yığmamızın mənafeyi isə mənim üçün ən yüksəkdə durur”.

Qeyd edək ki, David İspaniya milli komandasının tarixində ən yaxşı bombardir olan Rauldan 16 qol geri qalır.
0