Nələr çəkmiş başın sənin... - STATİSTİKA
10.06.2009 - 12:45
Nələr çəkmiş başın sənin... - STATİSTİKA
Azərbaycan milli komandası 17 illik tarixində antirekorda Berti Foqtsun dövründə imza atıb. Apasport.az saytının hesablamalarına görə, 1992-ci ilin sentyabrın 17-də ilk oyununu keçirən əsas yığmamız indiyədək Bakıda 6 top fərqi ilə uduzmamışdı.

Buna qədər ən böyük hesablı məğlubiyyət 20 ay öncə baş vermişdi. Həmin vaxt Serbiya yığması ilə rəsmi matçda 6 top buraxsaq da, hər halda, bir qol vura bilmişdik. Milli komandamızın baş məşqçisi Şahin Diniyev məhz 1:6 hesablı məğlubiyyətin ardından istefa vermişdi.

Yeri gəlmişkən, yığmamızın Bakıda ilk böyük hesablı məğlubiyyəti də baş məşqçinin istefası ilə nəticələnmişdi. 13 il öncə Kazbek Tuayev Macarıstana 0:3 hesablı məğlubiyyətdən sonra milli komandadan getməyi qərara almışdı. İki il sonra macarlar paytaxtımızda bir top da artıq vurdular - 0:4. Ancaq Vaqif Sadıqov Macarıstanla deyil, 1998-ci il oktyabrın 14-də səfərdə Lixtenşteynə 1:2 hesablı məğlubiyyətdən sonra postundan getdi.

Nəhayət, milli komandamızın ilk əcnəbi baş məşqçisi Karlos Alberto Torres da Bakıdakı böyük hesablı məğlubiyyətin ardından vəzifəsindən ayrılıb. Polşa ilə görüşdə əvvəlcə hakimə narazılığına görə texniki zonadan kənarlaşdırılan Torres ümumiyyətlə, stadionu tərk edib və geri qayıtmayıb. Tuayevlə Diniyev istefa verdikləri halda, AFFA rəhbərliyi braziliyalını istefaya göndərib, onunla müqaviləni vaxtından əvvəl pozub.

Bakıdakı beş məğlubiyyətin hamısı Tofiq Bəhramov adına Respublika stadionunda qeydə alınıb. Əslində, milli komandamızın rəsmi görüşlərdə ilk baş məşqçisi olan Ağasəlim Mircavadov da ev oyununda uduzub. Bu, 1996-cı il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 1995-ci il avqustun 16-da Slovakiya yığmasına 1:4 hesablı məğlubiyyət olub. Ancaq fərq ondadır ki, həmin vaxt FİFA ev oyunlarımızı nəinki Bakıda, hətta digər bölgələrdə də keçirməyə qadağa qoymuşdu. Nəticədə ilk seçmə mərhələdə rəqibləri Türkiyənin Trabzon şəhərində qəbul etməli olduq və rəsmi görüşdə birinci böyük hesablı məğlubiyyətimiz də o zaman baş verdi.

Qeyd edək ki, 14 aydır milli komandamızı çalışdıran Foqts bu müddətdə böyük hesabla uduzmamışdı. Ən pis halda, onun yetirmələri qapılarında 2 qol görmüşdülər. Yığmamızın baş məşqçisi postunda yubiley - 15-ci oyun almaniyalı üçün düşərli olmadı.

Azərbaycan milli komandasının Bakıdakı böyük hesablı məğlubiyyətləri:

10 noyabr 1996-cı il. Dünya çempionatının seçmə mərhələ oyunu.

Azərbaycan – Macarıstan – 0:3
Baş məşqçi: Kazbek Tuayev

10 oktyabr 1998-ci il. Avropa çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Macarıstan – 0:4
Baş məşqçi: Vaqif Sadıqov

4 iyun 2005-ci il. Dünya çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Polşa – 0:3
Baş məşqçi: Karlos Alberto Torres

17 oktyabr 2007-ci il. Avropa çempionatının seçmə mərhələ oyunu.
Azərbaycan – Serbiya – 1:6
Baş məşqçi: Şahin Diniyev

9 iyun 2009-cu il. Yoldaşlıq görüşü.
Azərbaycan – İspaniya – 0:6
Baş məşqçi: Berti Foqts
0