Azərbaycan çempionu 2500 avroya “Pro” lisenziyası alır
10.06.2009 - 12:57
Azərbaycan çempionu 2500 avroya “Pro” lisenziyası alır
“Azərbaycan - İspaniya görüşünü izləyə bilməsəm də, nəticədən xəbərim var və belə ağır hesablı məğlubiyyətə görə üzüldüm”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Ötən mövsüm Azərbaycan çempionluğunu qazanan 54 yaşlı mütəxəssis vətəni Makedoniyada istirahət etdiyi müddətdə boş oturmayıb: “Skopyedə FİFA-nın “Pro” lisenziyası ilə bağlı seminarında iştirak etdim. Seminara mənim kimi ölkədən kənarda çalışan bir sıra həmyerlilərim qatılmışdı. Bu dərəcəni çoxdan almaq istəyirdim. Sadəcə, vaxtım olmadığı üçün seminara qatıla bilmirdim. Amma indi bu imkandan yararlandım”.

Hacıyevski artıq özünü “Pro” lisenziyalı məşqçi sayır: “Düzdür, seminarda bir neçə dəfə iştirak etməliyəm ki, ilin sonunda diploma sahib çıxım. Ancaq özümü artıq Pro lisenziyalı məşqçi sayıram. Çünki artıq seminara qatılmışam və oranı uğurla başa vuracağam. Seminarda iştirak etmək üçün sentyabrda yenidən vətənimə yollanacağam. Həmin vaxt milli komandanın oyunları ilə əlaqədar çempionatda uzun müddətli fasilə olacaq”.

Makedoniyalı çalışdırıcı Pro lisenziyası almaq üçün ödədiyi məbləği də açıqlayıb: “2500 avro təşkil etdi. Ola bilsin ki, başqa yerlərdə Pro ilə kurslar üçün məbləğ daha böyükdür. Ancaq Makedoniyada bu qədər xərcim çıxdı”.
0