Berti Foqts: İndiyədək pulun məbləği barədə aşağı-yuxarı söhbəti etməmişəm-MÜSAHİBƏ
10.06.2009 - 16:06
Berti Foqts: İndiyədək pulun məbləği barədə aşağı-yuxarı söhbəti etməmişəm-MÜSAHİBƏ
Futbol üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Berti Foqtsun lent.az saytına müsahibəsi

- Azərbaycandakı fəaliyyətiniz birmənalı qarşılanmır. Bir çoxları bunu Sizə ölkəmizdə böyük məbləğdə pulun verilməsi ilə izah edir. Doğrudanmı Azərbaycana pul qazanmaq üçün gəlmisiniz?
- Futbolçu karyeram müddətində mənə xarici klublardan təkliflər vardı. Lakin mən düz 14 il – 1965 - 1979-cu illərdə öz klubumuzun – Münhenqladbax “Borussiya”sının şərəfini qorumuşam və yalnız bu komandada çıxış etmişəm. Məşqçilik karyerama isə Qərbi Almaniyanın 20 yaşadək yığmasının məşqçisi kimi başlamış, 1990-cı ildən etibarən 8 ilədək ölkəmizin əsas millisinin baş məşqçisi olmuşam. Yəni, 14 il peşəkar futbolçu olmuşam, 20 ilədək Almaniya Futbol Federasiyasında çalışmışam. Mənə elə gəlir ki, bu müddətdə lazımi qədər pul qazanmışam. Pul heç vaxt mənim üçün vacib bir şey olmayıb. AFFA rəhbərliyi ilə danışıqlar apararkən, mən gördüm ki, burada futbolun inkişafını istəyirlər. Federasiyanız bu məqsədə çatmağın çətin olacağını bilir. Bu yolu onların özləri müəyyənləşdiriblər. Mən bura gələrkən, yığma komandadakı oyunçular yaşlı idilər. Sözsüz ki, mənim şərtim yığmanın tərkibini dəyişdirməkdən ibarət idi. Milliyə gənc futbolçular gəlməli idilər. Onların yığmada nəticə göstərmələri üçünsə vaxt lazımdır. Mən məhz bu şərtlə Azərbaycanda işləməyə gəlmişəm.

- Aparıcı Avropa ölkələrində məşqçi və futbolçuların nə qədər əmək haqqı aldıqları açıqlanır. Azərbaycanda isə belə praktika olmadığı üçün əmək haqqı məbləği ilə bağlı müxtəlif şayiələr dolaşmağa başlayır. Sizin də ayda 95 min avro aldığınız deyilir. Bəlkə bu cür söz-söhbətlərə son qoymaq üçün nə qədər əmək haqqı aldığınızı səmimi formada açıqlayasınız?
- Mən indiyədək nə oyunçu, nə də məşqçi kimi pulun məbləği barədə aşağı-yuxarı söhbət aparmışam. Gələcəkdə də aparmayacağam. Yenə deyirəm: pul məni maraqlandırmır.

- Bəs AFFA rəhbərliyi ilə pul söhbətini kim aparıb?
- Özüm. Mənim agentim yoxdur. Amma pulun məbləği AFFA ilə müqaviləmin sonuncu bəndində yer almışdı və bu barədə cəmi 2 dəqiqə söhbətimiz olub. Bura pulumu götürüb, getməyə gəlməmişəm. Gəlmişəm ki, Azərbaycan futboluna və onun inkişafına kömək edim. Hər dəfə burada olanda Lənkərana, Zaqatalaya və mövsümün sonuna yaxın “Qarabağ”ın oyunlarını izləmək üçün Ağdama gedərək, oyunları izləmişəm. Bu qədər yolu gedib-gəlirəm ki, milliyə yeni oyunçular tapım.

- Yığmamız İspaniyaya 0:6 hesabı ilə uduzdu. Rəqibin güclü olduğunu və belə böyük hesabla qalib gəlmə ehtimalının olduğunu bilə-bilə niyə Avropa çempionları ilə oynamağa razılıq verdiniz?
- Mən işimi sadələşdirə də bilərdim. Deyərdim ki, nə Türkiyəyə, nə də İspaniyaya qarşı oynayıram. Belə komandalarla oynamasaydıq, yaxşı olardı?

- Millimiz indiyədək Fransa, Polşa, Portuqaliya kimi güclü komandalara daha böyük fərqlə – 0:10, 0:8 və 0:7 hesabları ilə uduzub. İndi də İspaniyadan 6 cavabsız top buraxdı. Sizə elə gəlmirmi ki, belə güclü komandalarla oyunlarda məğlubiyyət komandamızın oyununda irəliləyişə yox, futbolçularımızın “sınmasına” xidmət edir?
- Azərbaycan yığması indiyədək İspaniya kimi güclü rəqibə qarşı oynamayıb.

- Təsəvvür edək ki, Mayk Taysonun qarşısına yenicə boksun sirlərini öyrənməyə başlayanı buraxırsan. Tayson da onu şil-küt edərək, yola salır. Azərbaycan yığmasının da İspaniya kimi güclü rəqiblə yoldaşlıq görüşü keçirməsi bu misalı xatırlatmır?
- Şəxsi nəticəmin yüksək olması naminə Lüksemburqa qarşı oynasaydıq, yaxşı olardı. Bir neçə jurnalisti razı salmaq üçün San-Marino ilə görüşsəydik, daha yaxşı nəticə göstərərdik. İnsan nəyə görə məktəbə gedir? Öyrənmək üçün.

- Öyrənməyə İspaniya səviyyəli komandadan başlamaq nə dərəcədə düzgün idi? Bundansa orta səviyyəli rəqiblər, məsələn, Ukrayna, Macarıstan, Xorvatiya ilə qarşılaşmalardan başlamaq münasib deyildi?
- Məncə, azarkeşlər üçün yaxşı rəqib təqdim etdik. Bakıya İspaniya kimi güclü komanda gəlmişdi. Bu, həm də Azərbaycanın dünyada tanıdılmasına xidmət edən böyük vasitədir. Hamı Avropa çempionlarının Azərbaycan millisi ilə oynamaq üçün Bakıya gəlməsindən danışır.

- Azarkeşlər İspaniya yığmasının oyunundan zövq alsa da, futbolçularımızı söyməkdən, Sizi isə istefaya səsləməkdən başqa çarələri qalmamışdı...
- Biz ilk növbədə, bu qədər azarkeşin stadiona gəlməsindən şad olmalıyıq. Azərbaycan çempionatının oyunlarına nə qədər tamaşaçı gəlir? Bəlkə də azarkeşlər milli çempionatla beynəlxalq futbol arasındakı fərqi görmürlər. Amma bunu bilməlidirlər ki, milli komandamız yeni qurulub.

- Yığmamızda bəzi futbolçular var ki, onlar zəif çıxışları göz önündə olsa da, hər dəfə çağırmaqda israrlısınız. Məsələn, Zeynal Zeynalov. Maraqlıdır, belə oyunçular hansı prinsipə əsasən milliyə çağırılırlar? Bəziləri belə düşünür ki, azərbaycanlı köməkçiniz Elxan Abdullayev qarşınıza hazır siyahı qoyur. Siz də futbolçunun oyun keyfiyyətinə bələd olmadan yığmaya dəvət edirsiniz...
- (Gülür) Mən oyunçuları Azərbaycan çempionatında izləyirəm. Onların hansı formada olduqlarının, necə çıxış etdiklərinin şahidi oluram. Sonra da kimin milliyə dəvət edilməli olduğu haqda yalnız özüm qərar qəbul edirəm.

- Amma Siz ay ərzində 15 gündən artıq ölkəmizdə olmursunuz. Qalan vaxtınızı vətəninizdə və ya Avropanın başqa ölkəsində keçirirsiniz...
- Mən də işimi asan edə bilərdim. Əvvəlki əcnəbi həmkarım Karlos Alberto Torres Azərbaycanın oyununa bir gün qalmış Bakıya gəlirdi. Matçdan sonra isə ölkənizi tərk edirdi. Deməzdim ki, mən ayda 15 gündən artıq Azərbaycanda olmuram. Heç olmasa, 20 – 25 gün Bakıda qalıram. Mən Premyer Liqanın qarşılaşmalarına bəzi jurnalistlər və ya həmkarlarımdan çox baxıram. Özü də təkcə əsas komandalar yox, əvəzedici heyətlər arasındakı oyunları da izləyirəm.

- Premyer Liqa klublarının məşqçiləri ilə görüşünüz zamanı “Bakı”da çalışan Qyoko Haciyevskinin Sizə “Azərbaycanı hansısa Afrika ölkəsi ilə müqayisə etmə” dediyi haqda xəbərlər yayılıb. Doğrudanmı Siz Azərbaycana Afrika ölkələrindən də aşağı səviyyəli ölkə kimi yanaşırsınız?
- Haciyevski ilə bizim aramızda heç vaxt belə söhbət olmayıb. O, Azərbaycan futbolunu çox gözəl tanıyır. Mən də çempionatın oyunlarına gedirəm, izləyirəm. Afrika ölkələrindən konkret olaraq, 2007-2008-ci ildə çalışdığım Nigeriyadan söhbət gedirsə, oranın futbolunu Azərbaycanınkı ilə eyni tərəziyə qoymaq olmaz. Nigeriyalı futbolçular İngiltərə, Almaniya, İtaliya kimi ölkələrdə, “Çelsi”, “Everton”, “Hamburq”, Moskva MOİK-i, “Marsel” kimi klublarda oynayırlar. Onları azərbaycanlı futbolçularla eyni səviyyədə hesab etmək olmaz. Nigeriya yığmasında oynayan heç bir futbolçu öz ölkəsinin çempionatında çıxış etmir. Yalnız Avropa klublarında forma geyənlər Nigeriya millisinə dəvət alırlar.

- Elə isə niyə Nigeriya millisində uğur qazana bilmədiniz?
- Nigeriyada kimlərə uduzduq? 2006-cı il dünya çempionatında iştirak etmiş Qanaya, Fil dişi Sahilinə yenildik. İki epizodda zərbəmiz qapı dirəyinə dəyib, bir epizodda isə hakim təmiz penaltimizi verməyib. Həmin oyunlarda şanslar yarıbayarı idi. Həm də güclü komanda olmasına baxmayaraq, son dünya çempionatında Nigeriya millisi iştirak etməyib.

- Klublarımızda gündəlik iki dəfə məşqin aparılmamasından narazılığınızı bildirmisiniz. Lakin klublardakı həmkarlarınız bunun üçün şəraitin olmadığını bildirirlər. Bu cavab Sizi qane edir?
- Meydança çatışmırsa, fiziki hazırlığın artırılmasına xidmət edən məşqlərə də yer ayırmaq olar. Bunun üçün meydança lazım deyil. AFFA-nın cəmi 17 yaşı var. Federasiya rəhbərliyi klublar qarşısında qarşıdakı iki il müddətində məşq və oyunlar keçirmək üçün stadionlarının olması tələbini qoyub. Buna da vaxt lazımdır.

- Son bir həftə ərzində Türkiyə, Uels və İspaniyaya məğlubiyyətlərdən sonra AFFA rəhbərliyinin Sizə qarşı münasibətinin dəyişəcəyini düşünmürsünüz?
- AFFA rəhbərliyi işimdən narazıdırsa, mənimlə bir masa arxasında oturub bunu deyəcək. Yolumuzu birgə davam etdirməyimizi istəməsələr, dost kimi ayrılacağıq və daim dost kimi qalacağıq. Amma mən yenə deyirəm: Azərbaycan bu yolu getməlidir. Hansı məşqçi ilə olur-olsun. Bu faktdır!
0