Daniel Quiza: “Real”ın Ronaldonu alması ağılsızlıqdır
12.06.2009 - 09:51
Daniel Quiza: “Real”ın Ronaldonu alması ağılsızlıqdır
Daniel Quiza Madrid “Real”ının Kriştianu Ronaldoya çox böyük məbləğdə pul xərcləməsindən hiddətlənib. Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının heyətində Bakıda yoldaşlıq görüşündə iştirak edən “Fənərbaxça”nın hücumçusu “Real”ın Ronaldonu almasını ağılsızlıq adlandırıb.

Madridlilər 24 yaşlı portuqaliyalı hücumçunun şərəfini qoruduğu “Mançester Yunayted”ə iyunun 11-də rəsmi təklif irəli sürüb. Buna əsasən “Real” Kriştianu üçün 80 milyon funt sterlinq (93,4 milyon avro) xərcləməyə hazırdır və ingilislər də bu təklifi qəbul edib. Ronaldonun mümkün transferi ilə bağlı məsələyə münasibət bildirən Quiza bildirib ki, futbolçuya görə belə pullar vermək ağılsızlıqdır: “Hər halda, mən belə fikirləşirəm. Ancaq biz Florentino Peresi tanıyırıq”.

İyunun 1-də yenidən “Real”ın prezidenti seçilən Florentino Peres artıq braziliyalı Kaka ilə milli komandamızla yoldaşlıq görüşündə het-trik edən ispan hücumçu David Vilyanı alıb. Peres 2000-2006-cı illərdə “Kral klubu”nun prezidenti olduğu dövrdə Luiş Fiqu, Zinəddin Zidan, Devid Bekhem, Maykl Ouen kimi futbolçunu transfer etmiş və həmin vaxt komandan “Qalaktikos” adlandırılmışdı. Ronaldonun “Real”a transferi yaxın günlərdə rəsmiləşəcək. Bununla da Kriştianunun keçidi dünya futbolu tarixində ən bahalı transfer olacaq.

Qeyd edək ki, Quiza İspaniyanın yığmamızı 6:0 hesabı ilə məğlub etdiyi oyunda sonradan meydana çıxaraq 5-ci qolu vurub.
0