Ramin Musayev: O zaman yalandan “Biz belə edəcəyik” demək düzgün alınmaz
12.06.2009 - 12:24
Ramin Musayev: O zaman yalandan “Biz belə edəcəyik” demək düzgün alınmaz
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Lent.az-a müsahibəsi

- Azərbaycan milli komandası son 3 oyununun hamısında məğlub oldu. Təqribən 3 həftədən sonra klublarımız da Avropa kuboklarında mübarizəyə başlayırlar. Sizcə, millimizin məğlubiyyətləri klublarımız üçün bir həyəcan siqnalı deyil?
- Mənə elə gəlir ki, yığmanın məğlubiyyətləri klublar üçün yaxşı tərəfdən siqnaldır. Klublar millinin uğursuzluqlarından dərs götürüb, Avropa kuboklarına daha yaxşı hazırlaşmalıdırlar.

- Yığmamızın son oyunları barədə hansı fikirdəsiniz?
- Mən məşqçi deyiləm ki, bu haqda danışım. AFFA rəhbərliyi təşkilati məsələlərlə məşğul olur. Fikrimcə, bu baxımdan problem olmadı. Hər şey qaydasında idi. Milli komanda hamımızın böyük dərdi, problemidir. Hər birimiz onun haqda maraqlanmalı, narahatlıq keçirməliyik. Amma əfsuslar olsun ki, bu gün nə isə etmək imkanlarımız xaricindədir.

- Konkret olaraq, İspaniya ilə son matçı bir azarkeş kimi necə dəyərləndirərdiniz?
- İlk yarım saatda yığmamız yaxşı oynadı. İspaniyanın birinci qolundan sonra komandamız sanki “oturdu”, qorxdu, ruhdan düşdü.

- Bu nəticələrdən sonra da millimizin baş məşqçisi Berti Foqtsa etimad göstərilməlidirmi?
- Məncə, ilin sonunadək gözləmək lazımdır.

- İlk dövrənin yekunları ilə əlaqədar verdiyiniz müsahibədə klublarımızın 2009-2010-cu il Avropa kubokları mövsümündə əvvəlki mövsümlərə nəzərən uğurlu çıxış edəcəklərini bildirmişdiniz. İndi də eyni fikirdə qalırsınız?
- Bu, püşkdən asılıdır. Püşkatma zamanı elə rəqiblər düşə bilər ki, komandalarımızla müqayisə olunmasınlar. O zaman yalandan “Biz belə edəcəyik” demək düzgün alınmaz. Reallıqla uzlaşan fikirləri püşkatmadan sonra açıqlaya bilərik.

- Qarşıdakı Avropa kuboklarında klublarımızın çıxışı ötən mövsümdə Azərbaycan Premyer Liqası və ölkə kubokunun səviyyə göstəricisi sayılmayacaq?
- Premyer Liqa klublarının səviyyəsi o vaxt bilinər ki, klublarda dəyişiklik olmasın, ölkədaxili yarışlarda hansı oyunçularla çıxış ediblərsə, onlarla da davam etsinlər. Amma bildiyiniz kimi, Avropa kuboklarında çıxış edəcək “Bakı”, “Qarabağ”, “İnter” və “Simurq” komandalarında baş məşqçi və ya oyunçu dəyişiklikləri olub. Onlar daha yaxşı transferlər həyata keçirsələr və ötən mövsümlərlə müqayisədə Avropa kuboklarında uğurla çıxış etsələr, biz sinəmizə döyərək, “Bu, bizim zəhmətimizdir” deyə bilmərik. Çempionlar Liqası və Avropa Liqasında gözəl oyun nümayiş etdirmələri birbaşa həmin klubların rəhbərliyinin və futbolçu-məşqçi heyətinin əməyi sayılmalıdır. Bunun çempionata heç bir aidiyyatı yoxdur.

- Növbəti mövsümdən Premyer Liqada bəzi yeniliklərin ediləcəyini bildirmisiniz. Onların bəzilərindən xəbərimiz var. Daha hansı yeniliklər gözlənilir?
- Həmin yenilikləri sizlərdən gözləyəcəyik. Təkliflərinizi Peşəkar Futbol Liqasının internet saytında irəli sürə, biz də müzakirəyə qoya bilərik.

- Məsələn, təkliflərdən biri budur ki, klublarımızın hamısında futbolçuların soyadları geyimlərində əksini tapsın...
- Bunu demək asandır. Bəli, gözəl fikirdir. Mən də razıyam. Amma elə klub var ki, dövrələrarası fasilə müddətində əksər oyunçularını dəyişir. Oyunçular dəyişdiriləndə geyimlər də dəyişdirilməlidir. Düzdür, geyimlərin arxasında futbolçuların soyadlarının yazdırılması elə də böyük məbləğə başa gəlmir. Əsas xərc hər dəfə formaların dəyişdirilməsinə sərf olunur. Bir oyunçuya görə nə qədər vəsait itirilir. Hazırkı maliyyə böhranı şəraitində bütün klubların bu qədər xərc çəkəcəklərinə zəmanət verə bilmərik. Amma hər halda klubları yığarıq, söhbət edərik.

- Hakimlikdən uzaqlaşdırılanların qaytarılması mümkündür?
- Onlar niyə uzaqlaşdırılıblar ki, niyə də qaytarılsınlar? Bu sualı Hakimlər Komitəsinə ünvanlaya bilərsiniz.

- Deyilənə görə, Anar Niyazov sizinlə görüşmək istəyib. Amma onu qəbul etməmisiniz...
- Hakimlikdən kənarlaşdırılanlar mənə yox, Hakimlər Komitəsinə müraciət edə bilərlər. O, futbolçu, məşqçi, klub rəhbəri deyil ki, qəbul edim. Hakimi nəyə görə mən qəbul etməliyəm?
0