İqor İşenko: İspanlarla oyuna görə AFFA-nın mənə verdiyi qonorardan razı qaldım
12.06.2009 - 12:28
İqor İşenko: İspanlarla oyuna görə AFFA-nın mənə verdiyi qonorardan razı qaldım
“Mənə Bakıda milli komandanızın formasını və qalstuk hədiyyə etdilər. Bu, mənim üçün çox xoş oldu. Əminəm ki, həmin suvenirlər kolleksiyamda ən layiqli yeri tutacaqlar”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan - İspaniya yoldaşlıq görüşünü idarə edən ukraynalı FİFA hakimi İqor İşenko deyib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda (0:6) vərəqə göstərməyən 42 yaşlı beynəlxalq dərəcəli hakim işinin öhdəsindən yüksək səviyyədə gəldi. İşenko Azərbaycandan vətəninə hədiyyə, suvenir aparmaq imkanına da malik olub: “Mənə verilən milli komandanızın forması nömrəsiz idi. Yəni, bu suvenir xarakterli idi, formanın arxasında heç bir nömrə yazılmamışdı. Ağ rəngli, üzərinizdə emblem olan forma idi. Mənə İspaniya yığmasının da formasını hədiyyə etdilər. Ancaq o da nömrəsiz”.

Bakıda idarəçiliyinə görə qonorar da alan ukraynalı FİFA referisi bunun fərqinə varmağı lazım bilməyib: “Hər şey normal idi. Bu, futbol federasiyanıza aid olan məsələdir. Əsas odur ki, biz razı qaldıq. Qonorarın məbləğini konkret açıqlamayacağam. Çünki bu, etik cəhətdən düzgün çıxmazdı. Onu deyə bilərəm ki, məbləğ elə də əhəmiyyət kəsb etmir. Məni dəvət ediblər və üzərimə düşən vəzifəni yerinə yetirməliyəm”.

İşenko oyunda ehtiyat hakim olan həmyerlimiz Fariz Yusifovdan da razılıq edib: “O, ünsiyyət qurduğum insanlar sırasında idi. Farizlə biz çoxdan tanışıq, təcrübəli və bilirəm ki, Azərbaycanda 1 nömrəli hakimdir. Onun hakim kimi işi məni tamamilə razı saldı”.
0