Futbolumuzda yeni qəbiristanlıq... Baxın və düşünün...
19.06.2009 - 14:23
Futbolumuzda yeni qəbiristanlıq... Baxın və düşünün...
Azərbaycanda peşəkar futbol klubu qıtlığı həmişə nəzərə çarpıb. Milli çempionatın əvvəlində, ortasında, yaxud heç kimin gözləmədiyi vaxtda hər hansısa klub fəaliyyətini dayandırır və tarixin yaddaşına köçür. Bu artıq ənənə halını alıb. Ona görə də indi klubların ləğv olunması xəbəri futbol ictimaiyyəti tərəfindən adi qarşılanır. Sanki elə belə də olmalı imiş...

Şübhə etmirəm ki, Azərbaycan çempionatı klubların fəaliyyətlərini yarımçıq dayandırması üzrə nəinki Avropada, hətta dünyada da rekordçudur. Müstəqillik dövründə ölkəmizdə keçirilən 17 milli çempionatda 34 (!) klub dağılıb. Bu statistika yalnız güclülər dəstəsinə aiddir. Hər il orta hesabla 2 klubumuz qeybə çəkilir. Deyəsən, ənənə bu il davam edəcək. “Karvan” və “Turan” rəhbərlikləri dədə-baba qaydasından kənara çıxmaq istəmir. “Adətimiz-ənənəmiz var, bəy” prinsipini əsas tutan adıçəkilən komandalar sözün əsl mənasında, can verirlər.

Azərbaycan futbol məmurları isə buna göz yumurlar. Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyir ki, əgər “Karvan” və “Turan” çempionatda iştiraka hazır olmasa, yarış 10 klubla keçiriləcək. Bəli, əsasnaməni dəyişmək, reqlamentə “mız” qoymaq bizim alnımıza yazılıb. Hər dəfə əndrabadi reqlamentlə çempionat keçirməsək, özümüzə yer tapa bilmərik. Reqlamentin əcaibliyi haqqında bir az sonra.

Qayıdaq Ramin Musayevin fikirlərinə. Ötən mövsüm Premyer Liqada 14 klub çıxış edib. Bu il iştirakçıların sayının 14-dən 10-a salınması heç bir ölçüyə sığmır. Tutaq ki, “Karvan” və “Turan”ı gedər-gəlməzə yolladıq. Bəs futbolun kütləviliyi harada qaldı? Bəs peşəkarlıq hara getdi? 3 il, 5 il, 10 il əvvəl də klublarımız dağılırdı. Amma etiraf edək ki, həmin vaxt futbolumuzda belə təşkilatlanma, güclü maliyyə dayaqları yox idi. İlin-günün bu vaxtı, futbolun inkişafına dair Dövlət Proqramının icrasının ən qızğın dövründə “peşəkar klub” statusu daşıyan ictimai təşkilatın dağılması və buna göz yumulması hansı əndazəyə sığır?

Əlbəttə, Premyer Liqada klubların sayının azaldılması vəziyyətdən çıxış yolu ola bilməz. Milli çempionat oyun-oyuncaq deyil. Təsəvvür edin ki, ilk milli çempionatda 26 klub mübarizə aparıb. İldən-ilə iştirakçıların sayı azalıb və indi heç 12 klub da tapa bilmirik. Fərz edək ki, gələn çempionatı 10 komanda ilə yola verdik. Kim zəmanət verə bilər ki, 2010-cu ilin qışında və ya yayında 1-2 klub başını yerə qoyub, ölməyəcək? Gördüyünüz kimi, hər il klubların sayının azaldılması vəziyyətdən çıxış yolu deyil, cənablar. Bu gedişlə, 2012/13 mövsümünü 3 klubla keçirmək məcburiyyətində qalacağıq...

Həm də AFFA öz-özünə zidd getməməlidir. Cəmi 3 ay öncə assosiasiya çempionatı 12 komanda ilə keçirmək barədə qərar çıxarıb. Lakin martda qəbul olunan qərarı dəyişməklə, AFFA və PFL özünü gülünc vəziyyətdə qoya bilər. Sizcə, həftə səkkiz, mən doqquz qərar dəyişən, daha dəqiqi, qərarsızlıqla yaşayan qurumun keçirdiyi çempionata böyük maraq ola bilərmi? Belə çempionatlara yalnız gülürlər...

Avropa təcrübəsini də nəzərə almaq lazımdır. “Köhnə dünya”da çempionatların əksəriyyəti 12, yaxud 16 klubla təşkil olunur. 10 komandanın iştirak etdiyi çempionat cəmi 7 ölkədə mövcuddur. 12 klubla çempionat keçirən ölkələr isə avrokuboklarda kifayət qədər uğur qazanıblar: Şotlandiya, Serbiya, Xoratiya, Danimarka və s. Əsasən, cırtdan və iddiasız ölkələr - Farer adaları, Malta, Estoniya və başqaları 10 komandalı liqa təşkil edirlər. Bu bir daha onu göstərir ki, 10 klubun iştirakı ilə çempionat keçirmək məqsədəuyğun deyil.

Azərbaycanda 2009/10 mövsümünün reqlamenti həqiqətən də əcaibdir. Əvvəlcə, 12 komanda iki dövrə oynamalı, sonra iştirakçılar ilk “6-lıq” və ikinci “6-lığ”a bölünməli, qızıl xallar saxlanılmalı, çempionat 32-ci turda yekunlaşmalıdır. Belə reqlamenti Avropada axtarsaq da, tapmaq mümkün deyil. Bizə az-çox oxşar çempionat Şotlandiyada gerçəkləşir. Orada 12 klub 3 dövrədə oynayır (33 tur), ardından “6-lıq”lar yaradılır və bir dövrəli sistem üzrə (5 tur) yarış baş tutur. Beləliklə, Şotlandiya komandaları 38 tur keçirirlər. Bizim analoqumuz isə qitədə yoxdur. Deməli, Premyer Liqada çempionatı 12 komanda ilə keçirmək və reqlamentə əl gəzdirmək çox vacibdir.

Aşağıda isə Azərbaycan klublarının qəbiristanlığı göstərilib. Fəxrsiz futbolumuzun I fəxri xiyabanı... Baxın və nəticə çıxarın...

Azərbaycan çempionatlarının güclülər dəstəsində fəaliyyətini dayandırmış futbol klubları (1992-2008-ci illər):

 

1

2

3

4

5

6

7

1.

“Kəpəz” Gəncə (“Dinamo”, “Gəncə”)

14

3

1

2

4

4

2.

“Viləş” Masallı

10

 

 

1

 

 

3.

“Şəmkir”

9

2

2

1

2

 

4.

“Xəzər” Sumqayıt (“Kimyaçı”, “Sumqayıt”)

9

 

2

 

 

 

5.

“Bakı Fəhləsi” (“Nicat”, “ANS-Pivani”)

8

 

 

 

 

 

6.

“Şəfa” Bakı

8

 

 

 

1

1

7.

“Kür-Nur” Mingəçevir (“Kür”)

7

 

 

 

2

 

8.

“Pambıqçı” Bərdə (“Qarabağ”)

6

 

 

 

 

 

9.

“Gənclərbirliyi” Sumqayıt

4

 

 

 

 

 

10.

“İnşaatçı” Bakı

4

 

 

 

1

1

11.

“Xəzər” Lənkəran

4

 

 

 

1

 

12.

“Xəzri” Bakı (“Xəzri-Eltac”)

4

 

1

1

1

 

13.

“Azəri” Bakı

3

 

 

 

 

 

14.

“Kürmük” Qax

3

 

 

 

 

 

15.

“MKT-Araz” İmişli

3

 

 

 

1

 

16.

“Araz” Naxçıvan

2

 

 

 

 

 

17.

“Avey” Ağstafa

2

 

 

 

 

 

18.

“Avtomobilçi” Yevlax (“Gənclik”)

2

 

 

 

 

 

19.

“Daşqın” Zaqatala

2

 

 

 

 

 

20.

“İnşaatçı” Sabirabad

2

 

 

 

1

 

21.

“Tərəqqi” Bakı (“Azneftyağ”)

2

 

 

 

 

 

22.

“Ümid” Cəlilabad

2

 

 

 

 

 

23.

“Bozqurd” Samux (“Kür”)

1

 

 

 

 

 

24.

“Çıraqqala” Siyəzən

1

 

 

 

 

 

25.

“Fərid” Bakı

1

 

 

 

 

 

26.

“Karat” Bakı

1

 

 

 

 

 

27.

“Lokomotiv” İmişli

1

 

 

 

 

 

28.

“Masallı”

1

 

 

 

 

 

29.

“Neftqaz” Bakı (“Dalğıc”)

1

 

 

 

 

 

30.

“Plastik” Salyan

1

 

 

 

 

 

31.

“Şahdağ” Quba

1

 

 

 

 

 

32.

“Şirvan” Kürdəmir

1

 

 

 

 

 

33.

“Şirvan” Şamaxı

1

 

 

 

 

 

34.

“Ümid” Bakı (“Təfəkkür Universiteti”)

1

 

 

 

 

 


1 – klub (müxtəlif vaxtlarda daşıdığı adlar), 2 – güclülər dəstəsində keçirdiyi mövsümlər, 3 – çempionluq sayı, 4 – II yer, 5 – III yer, 6 – kubokun finalında, 7 – kubokun sahibi.

Avropa ölkələrinin milli çempionatlarında klubların sayı:

20 klub - 4 ölkə: İngiltərə, İspaniya, İtaliya, Fransa.
18 klub - 6 ölkə: Almaniya, Hollandiya, Belçika, Rumıniya, Türkiyə, Uels.
16 klub - 11 ölkə: Bolqarıstan, Macarıstan, Yunanıstan, Norveç, Polşa, Bosniya və Herseqovina, Portuqaliya, Rusiya, Ukrayna, Çexiya, İsveç.
15 klub - 1 ölkə: San Marino.
14 klub - 5 ölkə: Belarus, Lüksemburq, Kipr, Finlandiya, Qazaxıstan.
12 klub - 11 ölkə: Şotlandiya, Xorvatiya, Serbiya, Danimarka, İsrail, İslandiya, Azərbaycan, Albaniya, Slovakiya, Şimali İrlandiya, Çernoqoriya.
11 klub - 3 ölkə: Gürcüstan, Moldova, Makedoniya.
10 klub - 7 ölkə: Avstriya, Farer adaları, Malta, Estoniya, İrlandiya, İsveçrə, Sloveniya.
9 klub - 1 ölkə: Latviya.
8 klub - 3 ölkə: Litva, Andorra, Ermənistan.

Qeyd: UEFA-nın 53 üzvündən yalnız birində - Lixtenşteyndə milli çempionat yoxdur. Yuxarıdakı cədvəldə Azərbaycan 12 komanda ilə çempionat keçirən ölkə kimi nəzərdə tutulub.

Aqşin ƏLİYEV
0