“Qarmonu çox sevsəm də, futbolçu oldum” - MÜSAHİBƏ
20.06.2009 - 13:02
“Qarmonu çox sevsəm də, futbolçu oldum” - MÜSAHİBƏ
Daxili çempionatın keçirilməməsinə baxmayaraq, 19 yaşadək qızlardan ibarət yığma komandamız Avropa çempionatının elit raunduna yüksəlməyi bacardı. Hətta xanım futbolçularımız final mərhələsinə də vəsiqə qazanmağa çox yaxın idi. Ancaq qrupda ikinci pilləni tutan yığmamız Fransaya məğlubiyyət üzündən mübarizəni dayandırmalı oldu. Təbii ki, əsas yığmamız da artıq güclü rəqiblərdən sayılır. Ötən il Bakıda UEFA-nın bayrağı altında keçirilən turnirdə birinci yeri tutan milli komandamız mayda Gürcüstanda təşkil edilən analoji yarışı 2-ci pillədə başa vurdu. Ancaq yığmanın müdafiəçisi Fəridə Babayeva ilə bu uğurlar haqqında deyil, daha çox şəxsi həyatı haqqında danışdıq. Apasport.az saytı Fəridəni oxuculara daha yaxından tanıtmağa çalışdıq.

- 1990-cı ilin sentyabrında Bakıda anadan olmuşam. Ailədə 3 uşağıq. Məndən başqa, 2 bacım var.
- Bəs nə vaxtdan futbolla məşğul olursan?
- 5 ilə yaxındır ki, peşəkar şəkildə məşqlərdə iştirak edirəm. Təxminən 4 ildir ki, “Ruslan 93”ün və yığmanın formasını geyinirəm. Futbolu seçdiyimə görə, bu sahədə uğur qazanmaq istəyirəm. Ona görə də məşqlərdə maksimum fəal olmağa, əsas heyətdəki yerimi qorumağa çalışıram.

- İlk məşqçin kim olub?
- Əvvəllər Buzovnada fərdi məşq edirdim. Bu, daha çox həvəskar xarakteri daşıyırdı. Yəni həyətdə oğlanlarla futbol oynayırdım. Hansısa məşq prosesində iştirak etmirdim. Hətta bir ara futboldan uzaqlaşdım. Çünki məşqlərdə yorulurdum və özümü narahat hiss edirdim. Bir dəfə yenə həyətdə uşaqlarla oynayan vaxt qonşuluqda yaşayan məşqçi Boris Tibilov (əvvəllər yığmanın baş məşqçisi işləyib) mənə yaxınlaşaraq, “Ruslan 93”ə dəvət etdi. Etiraz etmədim. O, daha sonra anamla danışdı və onun da razılığını aldı. Bundan sonra peşəkar şəkildə məşqlərə başladım. Düzdür, əvvəllər çətin olurdu. Həmin vaxt məktəbdə oxuduğumdan dərsdən çıxdıqdan sonra Buzovnadan məşqlərə gəlirdim. Yol uzaq olduğundan yorulurdum. Ancaq 9-cu sinfi bitirdikdən sonra orta məktəblə vidalaşdım. Həmin vaxt qarmon dərnəyinə də gedirdim. Futbola daha çox marağım olduğundan, qarmona da əlvida dedim.

- Niyə məhz futbolçu olmaq istədin?
- Həvəsim çox idi. Düzdür, qarmonu da çox sevirdim. Ancaq futbola olan məhəbbətim daha güclü olduğundan, sonda seçimimi dəyişdim və futbolçu oldum.

- Bu da faktdır ki, Azərbaycanda qadın futbolu inkişaf etməyib. Ümumiyyətlə, bu sahəni seçən qızlar çox vaxt ailələrində etirazla qarşılaşırlar. Sən necə, futbolçu olmaq istəyini açıqlayanda evdən qarşı çıxan oldumu?
- Xeyr. Əksinə, anam da ən azı mənim qədər sevindi. Çünki artıq peşəkar komandada oynayacaqdım. Həm də Boris Tibilov qonşumuz olduğundan anam ona inanaraq mənim “Ruslan 93”ə keçməyimə icazə verdi. Yeri gəlmişkən, arzularımdan biri də həkim olmaq idi. Ancaq orta məktəbdə yaxşı oxuya bilmədim.

- Hansı komandanın və ya futbolçunun oyunlarını izləyərkən zövq alırsan?
- Əvvəllər, klublar arasında “Real”ın, yığmalardan isə Braziliyanın oyunu çox xoşuma gəlirdi. Hazırda isə “Barselona”ya azarkeşlik edirəm. Futbolçulardan isə Ronaldonu bəyənirəm.

- Futbolu seçdikdən sonra məktəbdə sənə qarşı münasibət necə idi?
- Hörmətlə yanaşırdılar. Həm sinif yoldaşlarım, həm də müəllimlərim məşqlərdən qalmamağım üçün əllərindən gələn köməkliyi əsirgəmirdilər. Mən məktəbin komandasında da oynayırdım. Bir dəfə paytaxt birinciliyində üçüncü yeri tutduq.

- Çətin vaxtlarında neyləyirsən? Ümumiyyətlə, futbolu seçdiyinə görə peşman deyilsən?
- Həyatda çətin günlər də olur. Belə anlarda iradəli olmağa çalışıram. Futbolu seçdiyimə görə isə qətiyyən peşman deyiləm. Düzdür, son vaxtlar ehtiyatda qaldığıma görə bir qədər ruh düşkünlüyü hiss edirəm. Ancaq çalışacağam ki, yenidən əvvəlki formamı bərpa edim və əsas heyətdə yer alım.

- Futboldan başqa, nəyə həvəsin var?
- İstəyirəm özümə uğurlu karyera qurum. Bu futbolçu kimi də ola bilər, digər sahələrdə də. Hələ fikirləşirəm.

- Boş vaxtlarını necə keçirirsən?
- Çalışıram dost-tanışların əhatəsində olum. Ya da ki, evdə oturmağa çalışıram.

- Hər gün məşq etmək yormur?
- Xeyr. Futbolu seçərkən, hansı çətinliklərlə üzləşəcəyimi bilirdim. Elə futbolçunun da işi məşq edib, futbol oynamaqdır. Bütün günü bazada qalırıq. Yalnız bazar günləri evə getməyə icazə verirlər.

- Ailən üçün darıxmırsan?
- Əlbəttə, darıxıram. Amma burada da ab-hava yaxşıdır. Qızlarla daim ünsiyyətdə olur, dərdimizi bölüşürük. Yəni özümüzü darıxmağa qoymuruq. Bazada bizim rahat yaşamağımız üçün hər cür şərait yaradıb.

- İki bacın var. Onlar oyunlarını izləməyə gəlirlərmi?
- Anam işləyir. Balaca bacım isə orta məktəbdə oxuyur. Böyük bacım isə kursda olur. Cəmi bir dəfə böyük bacım stadiona, oyuna baxmağa gəlib. Onların futbola marağı yoxdur. Ancaq hər oyundan sonra zəng vurub nəticəni öyrənirlər.

- Meydandakı Fəridə ilə həyatdakı Fəridəni müqayisə edə bilərsənmi?
- İkiüzlü insan deyiləm. Bəzən meydanda aqressiv oluram. Ancaq həyatda necəyəmsə, meydanda da həmin Fəridəyəm.

- Komandada daha çox kimlərlə dostluq edirsən?
- Komanda yoldaşlarımın hamısı ilə münasibətin əladır. Mehriban kollektivimiz var. Ancaq Nigar İsmayılova və Nərgiz Hacıyeva ilə daha yaxınam.

- Ev işləri görə bilirsənmi?
- Ehtiyac olduqda, müəyyən işlər görürəm.

- Planların necədir?
- Hələ futbol oynamaq istəyirəm. Sonrasını zaman göstərəcək. Bilirsiniz, bizdə qadın futbolçular ruslar kimi karyeralarını 35-40 yaşa qədər davam etdirmirlər. Ola bilsin, bu da mentalitetlə bağlıdır. Yəni sabah ailə qurduqdan sonra həyat yoldaşının maneəsi ilə qarşılaşırsan və karyeranı bitirmək məcburiyyətində qalırsan. Bizdə ailə dəyərlərinə daha çox önəm verilir.

- Bir müddət Rusiyada çıxış etdin. Bəs orada niyə çox qalmadın?
- Məni geri salan elə Rusiya karyeram oldu. Orada aldığım zədə üzündən yığmadakı əsas yerimi itirdim. Həm də biz Rusiyada olarkən zalda, mini futbol meydançasında məşq edirdik.

- Yığmanın oyunlarından əvvəl dövlət himni səslənir. Hansı hisslər keçirirsən?
- Sevinir və qürür hissi keçirirəm. Çünki biz ölkənin idman şərəfini qoruyuruq.

- Himni oxuyursanmı?
- Daha çox ürəyimdə oxuyuram.

- Karyeranda keçirdiyin oyunlardan hansı daha yaddaqalan olub?
- Türkiyə yığması ilə keçirdiyimiz oyun. Düzdür, 2:4 hesabı ilə məğlub olduq. Ancaq həmin qarşılaşmada həqiqətən yaxşı oynamışdım.

- Rəfiqələrindən kimlərisə futbola cəlb etmisənmi?
- Hər kəsin öz maraq dairəsi var. Sözün düzü, rəfiqələrim arasında futbola marağı olan yoxdur. Ancaq oynamağı bacaranlara futbola gəlmələrini məsləhət görürəm.

- Kitab oxumaq, eləcə də musiqi dinləməklə aran necədir?
- Daha çox rus və türk mahnılarına qulaq asıram. Yerli mügənnilər arasında Zülfiyyə Xanbabayevanı bəyənirəm.

- Bəs serialları necə, izləyirsənmi?
- Əlbəttə. Daha çox türk seriallarına baxıram.

MƏNBƏ: FUTBOL DÜNYASI
0