“Spartak” yağışa düşdü
24.06.2009 - 11:04
“Spartak” yağışa düşdü
Avropa Liqasında Bakının “İnter” klubu ilə qarşılaşacaq Slovakiya “Spartak”ı problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışı keçirmək üçün Avstriyaya yollanan Trnava təmsilçisi Devati və Hlavatoviçin xidmətindən yararlana bilmir. Zədə üzündən hazırlıqlardan kənar qalan bu iki oyunçu ilə yanaşı, Ponçak, İvan Çiferski və Şmidt də səfərə yollanmayıb.

Məsələyə münasibət bildirən klub prezidenti Ladislav Kuna müqaviləsi bitən Ponçakla danışıqların davam etdiyini və bu futbolçuya ehtiyacları olduğunu bildirib. O, baxışda olan Yusuf Mauqfayr və polşalı qapıçı Prusakın bəyənilməyərək geri qaytarıldığını da açıqlayıb. Kunanın sözlərinə görə, “Spartak” itkiləri “Trençin”dən dəvət olunan Krışko və iki braziliyalı legionerlə əvəz etmək niyyətindədir.

“İnter”in rəqibinin üzləşdiyi daha bir problem isə hava şəraiti ilə bağlıdır. Sabah Rusiya çempionu “Rubin”lə yoldaşlıq oyunu keçirməli olan “Spartak” harada oynamaq üzərində baş sındırır. Avstriyada yağan yağışlar slovakiyalıların qarşılaşmanın keçirilməsi üçün münasib meydan tapmağına çətinlik yaradıb.
0