Adamiya Lənkəranda oynamaq istəyir, “Bakı” isə futbolçuya vaxt verib
24.06.2009 - 11:33
Adamiya Lənkəranda oynamaq istəyir, “Bakı” isə futbolçuya vaxt verib
“Adamiya rəhbərliyim altında oynamaq istəyir. Amma belə fikri olsa da, son sözünü deməyib”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Georgi Adamiyanı 2005-ci ilin qışında ölkəmizə gətirən Mircavadovun “Neftçi” komandasında onunla işbirliyi uğurlu alındı. Həm ölkə çempionluğu, həm də “Birlik kuboku” turnirini qazanan 28 yaşlı gürcüstanlı hücumçu Mircavadova hələ işsiz qaldığı dövrdə onunla yenidən çalışmaq istəyini çatdırıb: “Ancaq Adamiya nə mənə, nə də “Xəzər-Lənkəran”ın rəhbərliyinə zəng edib, bir cavab demədi. Mənə Avropada oynamaq istədiyini söyləmişdi. Dedim ki, necə məsləhətdirsə, elə də et. Sərbəst futbolçudur, komandaya keçə bilər. Söhbət onun Avropada oynamağına qarşı çıxmağımdan getmir. Özünü güclü klubda sınamaq istəyinə normal baxıram. Sadəcə, məsələ ondadır ki, Avropada oynaya bilərmi? Bax, bunu mən dəqiq deyə bilmərəm”.

Mircavadov ötən mövsümün ikinci yarısında “Bakı”nın heyətində Azərbaycan çempionu olan Adamiyanın əvvəlki oyunu göstərmədiyini gizlətmir: “Açığı, bu komandada nümayiş etdirdiyi oyun xoşuma gəlmədi. Ola bilsin ki, uzun müddət oyun praktikası sarıdan korluq çəkməsi öz mənfi təsirini göstərir. Hər şey ola bilər. İstənilən halda, Adamiyanı yenə sərəncamımda görmək istəyirəm. Çünki onu çox yaxşı tanıyıram. Həm futbolçu kimi potensialına, qabiliyyətinə, həm də insan kimi xasiyyətinə yaxından bələdəm və bütün bunlar məni razı salır. Bundan əlavə, Adamiya orta sahədə və hücumda oynaya bilir. Bu da futbolçu üçün çox önəmli amildir”.

Adamiyanın taleyi ilə bağlı apasport.az saytına münasibət bildirən “Bakı”nın vitse-prezidenti Tunc Afşar isə ondan qəti cavab gözlədiklərini söyləyib: “Bizdən iki gün vaxt istəyib. Cümə günü son sözünü deməlidir. Onun “Xəzər-Lənkəran”a keçəcəyini bilmirəm. Bu addımı atacağını düşünmürəm. Hər halda, Avropada oynamaq istədiyini bildirib və xaricə danışıqlara yollanıb. Georginin xarici kluba keçidi baş tutmazsa, Sloveniyaya gələrək, komandamızın təlim-məşq toplanışına qatılacaq”.

Qeyd edək ki, “Bakı” Sloveniyada hazırlığı başa vurduqdan sonra birbaşa Litvaya Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində yerli “Ekranas” klubu ilə ilk oyuna yollanacaq.
0