Petrjela: Azərbaycanlı futbolçuları özbaşına buraxmaq olmaz
24.06.2009 - 13:32
Petrjela: Azərbaycanlı futbolçuları özbaşına buraxmaq olmaz
“Yəqin ki, Bakıda da həddimi keçdim. Dediklərimi təkid etmək istəyirdim. Əslində isə mövcud şəraitdə sakitcə işləmək lazım imiş. Üstəlik, komanda gözümdə dəyişirdi və futbolçularla münasibətlərim ideal idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.

Çexiyalı mütəxəssis Rusiya mətbuatına müsahibəsində ölkəmizdə çalışdığı dörd ayı da yada salıb. Petrjela “Neftçi”ni çempion etməyi arzulayırmış: “Həmin mövsümdə çempion olmağımız mümkün idi. Yeri gəlmişkən, sonradan prezident mənə zəng etdi. Səsini eşidən kimi təəccübləndim. O, mehriban idi, işlərimin necə getdiyini soruşdu. Mənə komandanın həm çempionluğu, həm də kuboku necə itirdiyindən danışdı”.

Petrjela “Neftçi”də rəhbərliyi altında oynadığı futbolçuları da xatırlayıb: “İlk növbədə Rəşad Sadıqovu xatırlayıram. Deyəsən, indi Türkiyədə oynayır. Tağızadə də yaxşı futbolçudur. Təəssüf edirəm ki, daha yığmaya çağırılmır. Ümumiyyətlə, belə fikirləşirəm ki, Azərbaycan yığması Berti Foqtsun rəhbərliyi altında çətin ki Rusiyanı məğlub etsin”.

Çexiyalı mütəxəssis futbolçularımızın nizam-intizamla bağlı problemlərinin olduğunu bildirib: “Onları özbaşına buraxmaq olmaz. Onsuz da nizam-intizamla bağlı böyük problemləri var. Ancaq eyni zamanda, onları Foqtsun etdiyi kimi, qapalı şəraitdə saxlamaq da olmaz. Həmin futbolçuların inanılmaz texnikası var. Əgər onların emosiyalarını düzgün yönəltsələr, nizam-intizam və fiziki hazırlığı da əlavə etsən, onlar güclü komandaları məğlub edə bilərlər. İndiyədək başa düşə bilmirəm ki, Azərbaycan yığması necə olur cari seçmə mərhələdə bir qol belə vura bilməyib”.

Qeyd edək ki, Petrjela 2007-ci ilin sentyabrından 2008-ci ilin yanvarın əvvəlinə “Neftçi” klubunda çalışıb.
0