“Xarkov” klubunun kapitanı da “Neftçi”yə baxışa gəldi
24.06.2009 - 13:39
“Xarkov” klubunun kapitanı da “Neftçi”yə baxışa gəldi
Bakının “Neftçi” klubu baxışa daha bir legioner çağırıb. Apasport.az saytının məlumatına görə, Ukraynanın “Xarkov” komandasının kapitanı Ruslan Qunçak özünü dördqat Azərbaycan çempionunda sınayacaq.

Bu gün səhər saatlarında Bakıya gələn 30 yaşlı Qunçak (1,86 m) həm müdafiənin, həm də yarımmüdafiənin mərkəzində çıxış edə bilir. Daha çox müdafiənin mərkəzində oynayan ukraynalı məhsuldarlığı ilə seçilir, cərimə zərbələrini dəqiq yerinə yetirmək bacarığını nümayiş etdirir. 2005-ci ilin iyulunda “Xarkov”a gələn yarımmüdafiəçi vətənində “Metallist” (Xarkov), “İlyiçevets”, “Bukovina”da da oynayıb.

Son komandasında Azərbaycan çempionu Vilyam Roşa Batista ilə birgə çıxış edib. “Xarkov”un qış fasiləsində “Bakı”ya icarəyə verdiyi 29 yaşlı braziliyalı hücumçu sonradan birdəfəlik transfer olundu. “Xarkov” ötən mövsümün yekununa əsasən sonuncu yeri tutaraq, yüksək liqada yerini itirib. Birinci liqada çıxış etməkdə maraqlı olmayan Qunçak “Neftçi”yə keçməyə çalışacaq.

Qeyd edək ki, hazırda “Neftçi”də litvalı qapıçı Paolos Qribauskas, estoniyalı müdafiəçi Taavi Rahn və çernoqoriyalı yarımmüdafiəçi Vladimir Vuyoviç baxışdadır.
0