“Qarabağ”ın “Rusenborq”la oynayacağını bukmekerlər təsdiqlədi
24.06.2009 - 13:56
“Qarabağ”ın “Rusenborq”la oynayacağını bukmekerlər təsdiqlədi
Məşhur “Bwin” kontoru Avropa Liqasının birinci təsnifat mərhələsinin əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bukmekerlər həm ilk oyunlara, həm də komandaların mərhələ keçməsinə pul qoyuluşu qəbul etməyə başlayıb. “Bwin”in dəyərləndirməsinə əsasən, yarışa bu mərhələdən başlayacaq Azərbaycan təmsilçiləri “İnter”lə “Simurq”un bu səddi aşmaq şansları o qədər də çox deyil.

Slovakiyanın “Spartak” klubu ilə qarşılaşacaq bakılıların ikinci təsnifat mərhələsinə yüksəlmək şansları 2,55-ə bərabərdir. “İnter”in rəqibinin əmsalı isə az qala iki dəfə aşağıdır – 1,45.

Bukmekerlər “Bney Yehuda” (İsrail) ilə görüşəcək “Simurq”u daha şanssız sayıblar. Zaqatalalıların mərhələ adlamaq şansları 2,70, rəqibininki 1,40-a bərabərdir.

“Bwin” “Qarabağ”ın ikinci təsnifat mərhələsindəki rəqibini də müəyyənləşdirib. Ağdamlılarla görüşəcək komandanın məlum olacağı “Rusenborq” (Norveç) – “Runavik” (Farer adaları) cütündəki səviyyə fərqi maksimal həddədir. Norveçlilər ilkin oyunlarda hamıdan aşağı – 1,01, farerlilər isə hamıdan yüksək 11,00 əmsalına malikdir.

“Simurq” – “Bney Yehuda” cütünün qalibi ilə görüşəcək komanda ilə bağlı isə bukmekerlər də çətinlik çəkib. Latviyanın “Dinaburq” (1,72) və Estoniyanın “Kalyu” (2,00) klublarının əmsalları arasındakı fərqin aşağı olması da bu çətinlikdən irəli gəlir.
0